Son vaxtlar valideynlərin həkimlərə övladları ilə münasibətləri barədə müraciətlər çoxalıb.
Bunlar arasında uşaqların dərsi qavraya bilməməsi, həmçinin valideynlə uşaq arasında dərs öyrənmə prosesində problemlər yaranması kimi məsələlər də var.
Nəticədə, valideynlə övlad arasında, eyni zamanda müəllimlə şagird arasında konflikt yaranır. Eyni problem bağçalarda da mövcuddur.
Bu məsələ ilə əlaqədar uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, uşaqlıq dövründə yaranan psixoloji və davranış problemləri vaxtında müəyyən olunmadıqda və düzgün yanaşma göstərilmədikdə, bu problemlər uşağın şəxsiyyət inkişafına ciddi təsir edir.
"Dəstək görməyən, travmatik mühitdə böyüyən uşaqların gələcəkdə aqressiv davranışlar, cinayətə meyllilik və sosial adaptasiya çətinlikləri yaşama ehtimalı artır. Bu məqalədə valideynlərin üzərinə düşən vəzifələr, bu problemlərin səbəbləri, cəmiyyətə adaptasiya imkanları və xüsusən də DEHB olan uşaqların vəziyyəti müzakirə olunacaq".
Qeyd edək ki, (Diqqət Əskikliyi və Hiperaktivlik Bozukluğu) zamanı beyində bir sıra neyrobioloji dəyişikliklər olur. Bu dəyişikliklər uşağın diqqətini toplamaqda, emosiyaları idarə etməkdə və impulsları (düşünmədən hərəkət etməyi) kontrol etməkdə çətinlik yaşamasına səbəb olur.
Vüsalə Nuriyeva deyir ki, DEHB uşağın tənbəlliyi və ya tərbiyəsizliyi deyil, beyindəki neyrobioloji fərqlər nəticəsində yaranır:
"Bu səbəbdən, uşağa anlayışla yanaşmaq, müvafiq terapiya və valideyn dəstəyi ilə kömək etmək mümkündür".
Həkimin sözlərinə görə, problemlərin vaxtında həll olunmamasının nəticələri daha ağır və təhlükəli ola bilər:
"Travmaların dərinləşməsi baş verə bilər. Uşaqlar emosional və davranış problemləri ilə tək qaldıqda, özlərini başa düşülməmiş hiss edirlər. Bu, onlarda mənfi özünəqapanma və ya aqressiv davranışa gətirib çıxara bilər.
Cinayət və riskli davranışlar: Araşdırmalar göstərir ki, dəstək görməyən uşaqların bir hissəsi yeniyetməlikdə və böyüklükdə riskli davranışlara (zorakılıq, narkotik istifadəsi, cinayət) meylli olur".
Həkim deyir ki, uşaqlıqda formalaşan emosional yaralar məktəb, dostluq və gələcək iş həyatına mənfi təsir edir.
Ziya SƏCCAD