AZ

Hadisələrin ardıcıllığı bizə nədən xəbər verir? – TƏHLİL

Regionda və dünyada cərəyan edən mürəkkəb tarixi proseslərin müasirləri olaraq bəzən ətrafımızda baş verən hadisələrin miqyas və möhtəşəmliyini adekvat şəkildə qiymətləndirə bilmirik. Ancaq istənilən halda gələcək naminə xalq və dövlət olaraq cərəyan edən prosesləri millətimiz üçün fürsətlərə çevirməliyik. Demaqogiyadan uzaq olan əsl milli siyasətinin başlıca təyinatı bundadır. Bu mənada müxtəlif təşəbbüslər vasitəsilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühitinin sayəsində ölkəmizdə yaşanan dövlət və milli iradənin birliyinin əhəmiyyəti son dərəcədə vacib olan strateji statusa malikdir. Dövlət və cəmiyyətdə olan potensialların səfərbər olunmasına xidmət edən dialoq mühiti eyni zamanda dövlətçiliyimizi də müxtəlif təlatüm və stresslərdən qoruyur. Dialoq bizi ixtilafdan və hamının bir-birindən şübhələndiyi mühitdə yaşamaqdan sığortalayır.

8 avqustda ABŞ-da baş vermiş hadisələrin xalq və siyasilər tərəfindən mütləq şəkildə dəstəkləməsi məhz siyasi həmrəyliyin növbəti təzahürüdür. Burada demaqoqların qərəzli tənqidlərini qabaqlamaq üçün prinsipial olaraq vurğulamalıyıq ki, siyasi həmrəyik mühiti heç də fərqli düşüncə və yanaşmaların mövcudluğunu inkar etmir. Əksinə, dialoq mühiti fərqli yanaşmaların dövlət və cəmiyyətin inkişafı naminə səfərbər olunması deməkdir. Bu sadə həqiqəti anlamaq istəməməyin tək bir səbəbi ola bilər – aid olduğun xalqa qarşı düşmənçilik mövqeyində dayanmaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 avqust tarixli Vaşinqton səfəri və səfər zamanı əldə olunmuş nailiyyətlər, habelə cəmi 1 həftə sonra – 15 avqust tarixində Alyaskada ABŞ və Rusiya liderlərinin görüşü sözsüz ki, əlamətdar və taleyüklü hadisələr kimi dünyanın siyasi tarixinə pozulmaz mürəkkəb ilə yazıldı. Əlbəttə ki, siyasətdə, xüsusilə də böyük siyasətdə, təsadüflər olmur. Hətta təsadüfi hesab olunan hadisələr belə yaranmış obyektiv zərurətdən əmələ gəlir.

Qeyd etdiyimiz mühüm hadisələrin də mövcud ardıcıllığının təsadüfi olmasına inanmaq çətindir. Məsələ ilə bağlı mülahizələri irəli sürməzdən öncə dünyada, xüsusilə də postsovet məkanında, təsirli “fikir kapitanı” kimi tanınan bir şəxsin bəzi prosesləri anlamaqda bizə kömək edə biləcək sözlərini burada yada salmaq istərdik: “Azərbaycan o nadir ölkələrdəndir ki, öncə edir, sonra danışır”. Milli maraqlar populizmi sevməz, onların qorunması üçün demaqogiya yox, konkret əməllər, hesablanmış strategiya və yüksək peşəkarlığın nümayişi tələb olunur.

Beləliklə, bəhs etdiyimiz hadisələrin mövcud ardıcıllığı bizə nədən xəbər verir? Qlobal kontekstdə bəzi proseslərin qaçılmazlığını görən Azərbaycan hadisələrin önündə getməyə çalışır ki, prosesləri fürsətə çevirsin. Siyasətdə hadisələri önləmək manevr imkanları bəxş edir və əlavə zəmanətlər qazandırır. Unutmayaq ki, geosiyasət eyni zamanda müxtəlif siyasi manevrlərin, yumşaq desək, mübarizəsidir. Qlobal geosiyasətdə qaydasız döyüşlərdə olduğu kimi, rinqə çıxdınsa, rəqibin səndən fərqli çəkidə olmasına artıq heç kim diqqət yetirməyəcək. Azərbaycan xalqı isə beynəlxalq təşkilatların və “super güclərin” köməyi olmadan özü tarixi Qələbəni əldə etməklə, əslində bəhs etdiyimiz qlobal geosiyasətin aktoruna çevrilmiş, yəni həmin o geosiyasi rinqə çıxmış oldu. Müşahidə etdiyimiz bəzi hadisələrin, o cümlədən Azərbaycana qarşı sərt informasiya hücumlarının, əsl səbəbləri məhz sözügedən amildən qaynaqlanır.

Əlbəttə ki, 15 avqust tarixli görüşdən fərqli olaraq 8 avqust tarixli görüşün konkret nəticələrinin mövcudluğu bəzilərində qıcıq yaratmaya bilməzdi. Məhz elə buna görə də son günlərdə mövzu ilə bağlı internet məkanındakı informasiya manipulyasiyalarının “xüsusi amansızlıqla” aparılmasına şahidlik edirik. İnternet məkanı klassik anlamında olan siyasi əxlaqı artıq tamamilə təhrif edib. Bəzilərin “azğınlığı” sayəsində sosial şəbəkələr öz məzmununa görə getdikcə ənənəvi dəyərlərə zidd olan bəlli təyinatlı “publik evlərə” bənzəyir. Sosial şəbəkələr sayəsində siyasətdə cəzasızlıq hissi inkişaf edib, məsuliyyət məfhumu isə tamamilə itib. Ona görə də internet məkanı “siyasi dələduzlar” üçün bu qədər cəlbedicidir və elə ona görə də siyasi əxlaqsızlıq internetdə tüğyan edir. Bu məsələdə də sıravi istifadəçinin “harayına” məhz obyektiv məzmunlu siyasi maarifləndirmə işi gələ bilər.

Odur ki, qeyd olunan hadisələrin baş vermə ardıcıllığı ilk növbədə qaçılmaz proseslərin önlənməsi niyyətinin və onları fürsətə çevirmək siyasətinin təzahürüdür. Milli maraqların qorunması prosesi təkcə dəqiq proqnozların aparılmasından asılı deyil, qaçılmaz risklərin doğru şəkildə dəyərləndirilməsi vəzifəsi də mövcud məsələdə böyük əhəmiyyətə malikdir. Bu mənada hadisələrin baş vermə ardıcıllığı sülhün mahiyyətini iki nəhəng dövlət arasında Alyaskada aparılmış danışıqların nəticəsindən asılılığını aradan qaldırmış olur.

Müşahidə etdiyimiz müxtəlif proseslər dolayısilə ona işarə edir ki, Qafqaz hələ də “super güclərin” geosiyasi maraqlarının toqquşduğu məkan olaraq qalmaqdadır. Odur ki, bəhs etdiyimiz iki mühüm hadisənin mövcud ardıcıllığı region uğrunda aparılan mübarizədə Azərbaycanı, sadəcə, bir vasitəyə çevrilməkdən sığortalayır. Regionun əsas “oyunçusu” və yeni reallığın müəllifi olan Azərbaycan region ölkələri ilə birgə xarici müdaxilələr olmadan münasibətlərin xəritəsini cızır. Heç şübhəsiz ki, sözügedən amil də öz növbəsində bəzi ölkələrin qıcıq olmasının səbəbidir. Prezident İlham Əliyevin siyasətinə nəzər yetirəndə açıq şəkildə görə bilirik ki, dövlət başçısı cərəyan edən proseslərdən asılı olmayaraq müəyyən etdiyi prioritetlərə hər zaman sadiq qalır, habelə konkret hədəflərə nail olmaq siyasətində mükəmməl şəkildə pauzaların verilməsi fəndindən ustalıqla istifadə edir.

Mövcud ardıcıllıq həm də Azərbaycanın artan beynəlxalq statusu və milli maraqları ilə hesablaşmanın göstəricisidir. Misal üçün, unutmayaq ki, Alyaskada Rusiya-Ukrayna münaqişəsinin aqibəti bilavasitə münaqişə tərəflərindən biri olan Ukrayna iştirak etmədən müzakirə olunurdu. Mövcud kontekstdə digər amillər də qeyd oluna bilər, ancaq bir danılmaz həqiqət ondan ibarətdir ki, xalq və millət olaraq Azərbaycanımızla fəxr etməyin zamanıdır.

 

Politoloq Asif Adil

Seçilən
3
14
editor.az

10Mənbələr