“Bayırşəhər”də yeni nəfəs: tarixi abidələr qorunur, ətraf ərazilərdə park salınacaq Hazırda Bakının Yasamal rayonu da daxil olmaqla müxtəlif ərazilərində genişmiqyaslı söküntü və yenidənqurma işləri aparılır. Bu proseslərdən biri də keçmiş Sovetski kimi tanınan və hazırda “Bayırşəhər” adlandırılan ərazidə həyata keçirilir. Ərazidə həm tarixi irsin qorunması, həm də şəhərsalma baxımından yenilənməsi hədəflənir.
Mövzu ilə bağlı Referansın suallarını cavablandıran əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu ərazi yalnız total söküntü məkanı deyil, həm də qorunan abidələrin mərkəzinə çevriləcək. Sözügedən ərazidə 100-dən artıq tarixi bina mövcuddur. Bu binalar arasında yaşayış evləri, məscidlər, kilsələr, hamamlar və kitabxanalar da var. Onlar memarlıq üslubuna və milli dəyərinə görə seçilərək saxlanılır. Yeni salınacaq parklarda bu abidələr qorunmuş şəkildə yer alacaq.
Ekspert qeyd edir ki, hazırda dövlət qurumlarının nümayəndələrinin daxil olduğu komissiya mütəmadi monitorinqlər aparır və hər bir bina ayrı-ayrılıqda qiymətləndirilir. Yaşı çox olan hər bina tarixi sayılmır. Tarixi bina dedikdə, onun memarlıq üslubu, təyinatı və mədəni əhəmiyyəti nəzərə alınır. Milli memarlığa uyğun olanlara üstünlük verilir. Elnur Fərzəliyevin sözlərinə görə, bu addımlar həm paytaxtın təhlükəsizliyini artıracaq, həm də onun turizm potensialını yüksəldəcək.
“Köhnə və qəzalı vəziyyətdə olan, istismar müddətini bitirmiş binaların sökülməsi zəruridir. Əvəzində ərazidə parklar salınacaq, tarixi binalar isə mühafizə olunacaq. Bu, həm şəhərin estetik görünüşünə töhfə verəcək, həm də Bakının turistik dəyərini artıracaq.” Beləliklə, “Bayırşəhər”də aparılan işlər təkcə söküntü deyil, həm də milli memarlığın qorunması, ictimai məkanların abadlaşdırılması və tarixi irsin gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır. Bu layihə Bakının ikinci bir “İçərişəhəri” kimi formalaşmasına zəmin yarada bilər.
Gülgəz Qədirova
Referans