AZ

Zelenski Trampla mühüm danışıqdan sonra İlham Əliyevi axtardı...


Tural İsmayılov: “Zelenski bu şəraitdə Azərbaycanla məsləhətləşməni özünə siyasi üstünlük kimi gördü”

Avqustun 16-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatandan sonra Tramp Ukrayna prezidenri Volodimr Zelenskiyə zəng edib.

Trampla danışdıqdan sonra isə Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub danışıb. Zelenskinin Əliyevlə fikir mübadiləsi aparmasını nə ilə izah etmək olar? Niyə məhz Əliyevə zəng vurdu?

“Onun vasitəçilik təcrübəsi, həm də Ukrayna məsələsində aydın mövqeyi Zelenski üçün dəyərlidir”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Tramp ilə Putinin Alyaskadakı görüşündən sonra Zelenskiyə ilk zəngin edilməsi əslində Vaşinqtonun Ukraynanı prosesin birbaşa iştirakçısı kimi qəbul etməsindən xəbər verir: “Bu, həm də Trampın Ukraynanın taleyi ilə bağlı qərarların Kiyevsiz müəyyənləşdirilməyəcəyini göstərən siyasi mesajı idi. Zelenski isə bu zəngdən dərhal sonra Prezident İlham Əliyevlə fikir mübadiləsi aparmaqla mühüm bir diplomatik addım atdı.

Azərbaycan Prezidenti Cənubi Qafqazın aparıcı fiquru olaraq, həm də beynəlxalq siyasətdə balanslaşdırılmış mövqeyi ilə tanınır. Əliyevin Rusiya ilə də, Qərblə də, Türkiyə ilə də əməkdaşlıq edə bilməsi onu regional və qlobal siyasətdə nadir vasitəçi liderlərdən birinə çevirib. Zelenski bu şəraitdə Azərbaycanla məsləhətləşməni özünə siyasi üstünlük kimi gördü”.

T.İsmaylov vurğuladı ki, Azərbaycan enerji bazarında mühüm oyunçudur və Ukraynanın enerji təhlükəsizliyi məsələsində Bakı ilə əməkdaşlıq perspektivləri mövcuddur: “Eyni zamanda Əliyev postsovet məkanında müstəqil siyasət yürüdə bilən azsaylı liderlərdəndir. Onun vasitəçilik təcrübəsi, həm də Ukrayna məsələsində aydın mövqeyi Zelenski üçün dəyərlidir. Burada həm də siyasi simvolizm var - Zelenski göstərmək istəyirdi ki, Kiyev yalnız Qərbə deyil, həm də strateji tərəfdaş region ölkələrinə arxalanır.

Azərbaycanın Avropa ilə enerji körpüsü rolu və tranzit imkanları da Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Əliyevlə məsləhətləşmələr Ukraynanın regional dəstək bazasını gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Bu həm də Kiyevin diplomatik manevr imkanlarını genişləndirmək niyyətindən doğur.

Nəticə etibarilə, Zelenskinin İlham Əliyevlə danışığı təsadüfi deyil. Bu, Azərbaycanın artan beynəlxalq çəkisinin və Əliyevin regional siyasətdə balanslaşdırıcı rolunun bir daha təsdiqi kimi oxunur. Beləliklə, Kiyev göstərmiş oldu ki, gələcək danışıqlar masasında Azərbaycanla strateji dialoq onun üçün mühüm önəm daşıyır”.

İradə SARIYEVA

Seçilən
42
50
baki-xeber.com

10Mənbələr