AZ

Avtobus zolaqları bizi evimizə daha tez çatdırır

Ətraf mühitin qorunması və şəhər nəqliyyatının səmərəliliyinin artırılması bu gün Azərbaycanın nəqliyyat strategiyasında əsas prioritetlərdən biridir. Bakı şəhərində ictimai nəqliyyatın inkişafı istiqamətində atılan addımlar, xüsusilə də avtobus zolaqlarının çəkilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi bu sahədə dönüş nöqtəsi hesab olunur. Dövlətin nəqliyyat siyasətində vətəndaş məmnuniyyətinin artırılması, operativ və rahat daşınma imkanlarının yaradılması ön plandadır. Bu məqsədlə həyata keçirilən layihələr həm sərnişinlərin vaxtına qənaət edir, həm də daşıyıcı şirkətlər üçün yeni iqtisadi imkanlar açır.

Modern.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, avtobus zolaqlarının çəkilməsi ilk növbədə avtobusların orta sürətinin artmasına səbəb olur. Onun sözlərinə görə, əvvəllər bir marşrut üzrə yol 35-40, bəzən isə 50 dəqiqə vaxt aparırdısa, indi bu müddət 12-22 dəqiqə arasında dəyişir:

"Bu, özü-özlüyündə çox ciddi və mötəbər bir göstəricidir. Zolaqların sayını artırmaqla, hərəkətin intensivliyini yüksəldə və ictimai nəqliyyatda səmərəliliyi bu işlərin davamı olaraq daha da artırmaq mümkündür. Qeyd etdiyimiz rəqəmlər onu göstərir ki, sərnişindaşımaya olan maraq təmin olunub və bu da gələcəyə dair proqnozlarla üst-üstə düşür. Cənab Prezident tərəfindən təsdiq edilmiş dövlət proqramı mövcuddur ki, bu proqram Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə yönəlib. Proqramın əsas məqsədlərindən biri ictimai nəqliyyata əlçatanlığı artırmaqdır. Bu baxımdan insanların ictimai nəqliyyatdan istifadəyə marağı daha da artmalı, keyfiyyət isə yüksək səviyyədə təmin olunmalıdır".

Ekspert qeyd edib ki, sözügedən istiqamətdə mühüm addımlar atılır:

"Məsələn, BakuBus tərəfindən COP29 ərəfəsində ölkəyə gətirilən 160 ədəd elektrik avtobusu və digər daşıyıcı şirkətlər tərəfindən alınan müasir avtobuslar göstərdi ki, avtobus parkımız tədricən yenilənir. Yaxın günlərdə isə Azərbaycanda yerli avtobus istehsalının başlanması gözlənilir. Bu layihəni Çin şirkəti həyata keçirəcək və bununla da avtobusların müəyyən hissəsi artıq yerli istehsal hesabına təmin ediləcək".

E.Muradlının sözlərinə görə, daşıyıcı şirkətlərin gəlir əldə etməkdə üzləşdiyi çətinliklər bir neçə amillə bağlıdır:

"Birincisi, onlar yüksək qiymətə - təxminən 300-500 min manat dəyərində - avtobuslar alırlar və bu nəqliyyat vasitələri ən azı 10 il istismar olunmaq üçün nəzərdə tutulur. Bu baxımdan daşıyıcılara dövlət tərəfindən subsidiyaların verilməsi, onların dəstəklənməsi və stimullaşdırıcı addımların atılması olduqca vacibdir.

Yaxın zamanda tətbiq olunacaq brutto müqaviləsi də bu istiqamətdə mühüm addımlardan biridir. Bu beynəlxalq təcrübədə sınaqdan keçirilmiş və müsbət nəticələr vermiş bir mexanizmdir. Müqaviləyə əsasən, dövlət hər kilometrə görə daşıyıcı şirkətə vəsait ödəyəcək. Bu isə o deməkdir ki, sərnişin sayından asılı olmayaraq, şirkətlər avtobusları xəttə çıxarmaqda maraqlı olacaqlar".

Nəqliyyat eksperti vurğulayıb ki, daşıyıcı şirkətlərə əlavə dövlət dəstəyi göstərilməklə bu sahədə daha böyük uğurlar əldə etmək mümkündür:

"Mən inanıram ki, dövlətimiz bu imkanlara malikdir və hər bir halda, dünyanın bir çox ölkəsində olduğu kimi, bizdə də güclü nəzarət mexanizmləri ilə bu istiqamətdə daha da müsbət irəliləyişlər əldə olunacaq",- deyə E.Muradlı bildirib.

Seçilən
3
20
modern.az

1Mənbələr