AZ

Zelenski Budapeşt sənədini xatırlada bilər -

“Putin müəyyən mərhələdə Trampdan sülh prosesini ləngitməsini və Ukraynaya silah satışını dayandırmasını istəyə bilər. Lakin belə addımların ABŞ daxilində hansı siyasi nəticələr doğuracağı hələlik qeyri-müəyyəndir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ictimaiyyətinə Budapeşt Memorandumunu xatırlada bilər: “Zelenski deyə bilər ki, Budapeşt Memorandumuna əsasən Vaşinqtonun öhdəliyi Ukraynanın ərazi bütövlüyünü qorumaq olsa da, əksinə, Rusiyaya torpaq güzəşti tələb olunur. Bununla belə, bu arqumentlərin Tramp qarşısında açıq şəkildə səsləndirilməsi ehtimalı olduqca zəifdir”. Millət vəkilinin qənaətincə, Avropa liderləri hərçənd nüvə silahına malik ölkələrdir, lakin Rusiyanın təhdidlərindən çəkinərək daha çox ABŞ-nin üzərindən siyasət yürütməyə üstünlük verirlər: “Tramp bu reallığı yaxşı görür və zaman-zaman onları açıq şəkildə kiçiltməkdən çəkinmir. Halbuki Böyük Britaniya, Fransa, Almaniya və Polşanın Ukraynaya daha ciddi hərbi dəstək göstərmək imkanları mövcuddur, amma hazırda bu potensial tam şəkildə istifadə edilmir”. Qüdrət Həsənquliyev həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə və Avropa liderlərinə münasibəti kifayət qədər soyuqdur: “Zelenski onların özünün seçilməsini dəstəkləmədiklərini yaxşı bilir. Bununla yanaşı, Putinin mövqeyi daha fərqli idi və bu amil də Trampın münasibətinə təsir göstərir. Hesab edirəm ki, Trampın danışıqlarda Zelenskiyə və Avropa liderlərinə təzyiq edərək onları Rusiyanın istəklərinə uyğun sülh variantına yönəltməyə çalışması mümkündür. Lakin Ukrayna Konstitusiyasına zidd hər hansı qərarın Zelenski tərəfindən qəbul olunması ehtimalı çox aşağıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
29
50
metbuat.az

10Mənbələr