“Tramp və Putin görüşü yol xəritəsinin başlanğıcı sayıla bilər".
Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, Tramp və Putin arasında keçirilən görüşdən əvvəl verilən bəyanatlar əsasən pessimist idi və tərəflərin ciddi nəticə gözləmədiyini göstərirdi.
Onun sözlərinə görə, dünya ictimaiyyətində də ümid az idi:
“Ən çox inanan şəxs Donald Tramp idi. O, Putini heç olmasa atəşkəsə razı sala biləcəyinə ümid edirdi. Lakin bu baş vermədi. Çünki tərəflərin irəli sürdüyü şərtlər bir-birinə tamamilə zidd idi. Nə Rusiyanın, nə də Ukraynanın şərtləri qarşı tərəf üçün qəbulolunan deyildi. Avropa İttifaqının mövqeyi də eyni şəkildə uyğun gəlmirdi”.
Politoloq hesab edir ki, nəticəsiz qalsa da, görüş müəyyən mənada gələcək danışıqlar üçün zəmin yaradır:
“Tramp da, Putin də nəyə getdiklərini bilirdilər. Onların görüşə əsas ehtiyacı bir-birilərini anlamaq idi. Bu baxımdan, görüş yol xəritəsinin başlanğıcı kimi qəbul edilə bilər. Uzun müddət sonra ABŞ və Rusiya arasında dialoqun davam etdirilməsi ehtimalı da yarandı”.