AZ

Bakıda yas mərasimləri ləğv olunacaq?

News24 saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın müxtəlif regionlarında israfçılığın qarşısını almaq və yas mərasimləri ilə əlaqədar maddi yükü azaltmaq məqsədilə ağsaqqalların, dini icmaların və sakinlərin təşəbbüsü ilə bir sıra rayon və kəndlərdə dəbdəbəli ehsan süfrələrinin keçirilməsi qadağan edilib.

Artıq Füzuli, Biləsuvar, İmişli rayonunda dəbdəbəli yeməklərin verilməsi dayandırılıb, yas mərasimlərində yalnız çay süfrəsi təşkil olunur. Oxşar qaydalar Sabirabad, Saatlı, Şirvan, Kürdəmir və digər rayonlarda da tətbiq edilir. 

Bəs Bakıda da yas mərasimləri ləğv oluna bilərmi?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan News24.az-a açıqlamasında bildirib ki, əslində İslam dinində “yas mərasimi” anlayışı yoxdur və bu, nə Peyğəmbərin (s.ə.s) dövründə, nə də ondan sonrakı dönəmlərdə mövcud olub:

 "Bu adət sonradan formalaşıb. Bu, insanların çiyninə əlavə maddi yük qoymaq, mənfi ənənənə formalaşdırmaqdır.  Bizdə bəziləri yas  süfrəsində yemək yeyib pulunu ödəyirmiş kimi davranırlar. Bununla da sanki  ölü yiyəsinin adını “borc dəftəri”nə yazdırıb gedirlər. Mən buna təsadüfi olaraq "borc dəftəri" demirəm, çünki bu vəfat edən şəxsin yaxınlarının üzərinə gələcəkdə ödəməli olduğu bir yük kimi qalır. Daha sonra həmin şəxs də yasa gələnlərin yaxınlarının hüzr mərasimində o borcu qaytarır.  Yaxud da başqa bir yasa gedib o “borc ənənəsi”ni davam etdirir.  Bu isə çox zərərli bir adətdir. Halbuki yas mərasimlərinin əsl mahiyyəti yaxınını itirən şəxsə başsağlığı vermək, dəstək olmaq, dərdinə şərik çıxmaqdır”. 

İlahiyyatçı onu da deyib ki, yas sahibinə süfrə açdırıb xərcə salmaq yox, ehtiyacını qarşılamaq lazımdır: “Heç kim demir ki, yas məclisində oturub borc yazdırıb gedin, sonra da ölünüz düşəndə eyni qayda ilə borcun ödənməsini gözləyin”.

Tural İrfan onu da qeyd edib ki, artıq ölkənin bir çox bölgələrində maarifləndirmə işləri aparılır və nəticədə dəbdəbəli ehsan süfrələri yavaş-yavaş ləğv olunur. Onun sözlərinə görə, bu prosesin Bakıda da tətbiq olunacağı şübhəsizdir: 

“Cəmiyyətdə maarifləndirmə işlərinin təsiri özünü göstərir, insanlar da bu adətin faydasız və zərərli olduğunu anlayır. Şübhəsizdir ki, yaxın gələcəkdə Bakıda da yas mərasimləri sadələşdiriləcək”.

Aqil QarayevNews24.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
50
news24.az

10Mənbələr