"Laçın Hava Limanı Azərbaycan üçün bir neçə istiqamətdə strateji əhəmiyyətə malikdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, birinci növbədə, iqtisadi baxımdan bu hava limanı ölkənin turizm potensialını reallaşdırmaq, həm daxili, həm də xarici turizmdən yüksək səviyyədə faydalanmaq imkanlarını artırır. Eyni zamanda, logistik imkanların iqtisadiyyata töhfə verməsi baxımından bu infrastruktur ciddi önəm daşıyır.
İqtisadçının sözlərinə görə, burada əsas məqsəd insanların daşınması deyil. Liman mineral ehtiyatların, kənd təsərrüfatı məhsullarının və sənaye məhsullarının ixracı, həmçinin müxtəlif təchizat vəsaitlərinin daşınması üçün istifadə oluna bilər. Bundan əlavə, bu hava limanı multiplikativ effektlərlə kənd təsərrüfatı, sənaye, turizm və iqtisadiyyatın digər sahələrinin inkişafına dəstək verəcək.
"Laçın Hava Limanı ölkənin təhlükəsizliyi və işğaldan azad olunmuş ərazilərin tanıdılması baxımından da mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın bölgəsində yerləşən hava limanları strateji əhəmiyyət kəsb edir və ölkənin siyasi nüfuzunu gücləndirir," - deyə ekspert sonda vurğulayıb.
Sevda Dəniz