AZ

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinin səbəbi və məqsədi açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisinin genişləndirilməsi əsasən sahibkarların çoxsaylı müraciətləri ilə bağlıdır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Agentliyin mətbuat katibi Elçin Kazımov bildirib.

O xatırladıb ki, Park yaradılarkən onun ərazisi 167,66 hektar olaraq müəyyənləşdirilib: “Sahibkarların bura artan marağı nəzərə alınaraq dövlət başçısı müxtəlif illərdə parkın ərazisinin genişləndirilməsilə bağlı 7 sərəncam imzalayıb. Nəticədə SKSP-nin ərazisi mərhələlərlə 639,83 hektara çatdırılıb. Başqa sözlə, rezidentlər qəbul edildikcə mövcud sahələrin kifayət etmədiyi müşahidə olunub, yeni genişlənmə qərarları qəbul edilib. Bu maraq davam etdikcə, gələcəkdə də parkın yeni sahələr hesabına genişləndirilməsi gözlənilir”.

E.Kazımovun sözlərinə görə, Parkın ərazisinin böyüdülməsi ölkədə sənaye istehsalının miqyasını daha da genişləndirəcək: “Bununla yanaşı, ixracyönümlü məhsulların istehsalına dəstək verilməsi beynəlxalq bazarlarda yerli məhsulların rəqabət qabiliyyətini yüksəldəcək. Yeni texnologiyaların tətbiqi isə müasir və innovativ istehsal proseslərinin qurulmasına imkan yaradacaq. Genişlənmə həmçinin xarici investisiyaların ölkəyə cəlb olunmasını təmin edərək iqtisadiyyatın inkişafına əlavə təkan verəcək. Layihənin həyata keçirilməsi minlərlə yeni iş yerinin açılmasına şərait yaradacaq və əhalinin məşğulluq səviyyəsini yüksəldəcək. Bununla yanaşı, yerli sahibkarlığın inkişafına dəstək göstərilməklə iqtisadiyyatın şaxələndirilməsi daha da gücləndiriləcək”.

O vurğulayıb ki, SKSP-də investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “28 müəssisə fəaliyyətə başlayıb, qalan rezidentlər isə tikinti-quraşdırma və layihələndirmə mərhələsindədir. İndiyə qədər 5,5 milyard manatdan çox investisiya yatırılıb və 6 300-dən çox daimi iş yeri yaradılıb. Bu rəqəmlər göstərir ki, SKSP təkcə sənaye istehsalının mərkəzinə deyil, həm də regionun sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevrilib. Burada yaradılan hər yeni müəssisə həm iqtisadi artıma, həm də əhalinin məşğulluğuna ciddi dəstək verir”.

E.Kazımovun sözlərinə görə, Parkdakı fəaliyyət kimya sənayesi ilə məhdudlaşmır: “Burada etallurgiya, tikinti materialları, energetika və digər sahələrdə fəaliyyət göstərən çoxsaylı yerli və xarici şirkətlər mövcuddur. Onlar müasir istehsal avadanlıqları və beynəlxalq ekoloji standartlara uyğun texnologiyalar tətbiq etməklə Azərbaycanın sənaye potensialını daha da gücləndirirlər. Parkda yaradılan şərait sahibkarlara həm daxili bazarda, həm də xarici bazarlarda rəqabətqabiliyyətli məhsullar istehsal etmək imkanı verir. Bu isə Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafına mühüm töhfədir”.

Seçilən
13
50
operativmm.az

10Mənbələr