ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 18 avqust, AZƏRTAC
Avqustun 18-də Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün “Normativ hüquqi aktlar” informasiya sisteminin (NHAİS) tətbiqinə dair ilkin təlim keçirilib.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində təşkil olunub.
Naxçıvanda NHAİS-in tətbiq edilməsi normayaratma prosesinin müasir tələblərə uyğunlaşdırılmasına, dövlət idarəçiliyində operativliyin artırılmasına və elektron hökumət prinsiplərinin genişləndirilməsinə xidmət edəcək.
Muxtar respublikada normativ hüquqi akt layihələrinin elektron qaydada hazırlanması, dövlət qurumları arasında razılaşdırılması və müvafiq yuxarı orqanlara təqdim edilməsi NHAİS vasitəsilə təmin ediləcək. Bu isə qurumların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, vaxt itkisinin minimuma endirilməsinə, eləcə də qurumlar arasında koordinasiyanın güclənməsinə şərait yaradacaq.
Qeyd edək ki, təlimdə dövlət qurumlarının 120-dən artıq əməkdaşı iştirak edib. Yeni sistemin tətbiqi muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarının normayaratma fəaliyyətinin keyfiyyətini yüksəltməklə yanaşı, vətəndaşların və ictimaiyyətin dövlət idarəçiliyinə etimadının artırılmasına da xidmət edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.