AZ

İdman insanın emosional sağlamlığına necə təsir edir? AÇIQLANDI

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“İdman insan sağlamlığının ayrılmaz tərkib hissəsidir. Bu fikir, demək olar ki, hər zaman qəbul olunmuş bir həqiqət kimi səslənsə də, onun psixoloji təsirləri üzərində daha geniş dayanmaq vacibdir. Psixoloq praktikası göstərir ki, xüsusilə emosional tükənmişlik (burnout) sindromu yaşayan insanlarda idmanın müsbət rolu danılmazdır. İnsan şüuraltısında yığılan gərginliklər və psixosomatik pozuntular, fiziki aktivlik vasitəsilə azaldıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Aytən Ələkbərova sözlərinə belə davam edib: “Müxtəlif psixoloji proqramların tərkibinə idman fəaliyyətlərinin daxil edilməsi, fərdlərin emosional vəziyyətinin stabilləşməsinə səbəb olur. Nəticədə, istər evdar xanımlar, istərsə də müxtəlif peşə sahibləri idman vasitəsilə həyat enerjilərini bərpa edir, ailə və iş mühitinə daha pozitiv təsir göstərirlər. İdman yalnız bədənin deyil, həm də ruhun işığını artırır, insanın gündəlik fəaliyyətinə canlılıq gətirir.

Psixoloji təcrübə göstərir ki, insan emosional cəhətdən yorğun, tükənmiş vəziyyətdə olduqda, hətta qidalanma vərdişləri belə dəyişir. Kiçik bir yemək belə idman sonrası xüsusi ləzzət və enerji verə bilir. Lakin eyni yeməyi emosional tükənmiş bir insan qəbul edə bilmir. Bu hal psixosomatik pozuntuların klassik nümunəsidir. İdman fəaliyyəti isə həmin düşüncə və emosional pozuntuların aradan qaldırılmasına mühüm töhfə verir.

Tədqiqatlar və müşahidələr göstərir ki, güc strukturlarında və digər intensiv fəaliyyət sahələrində çalışan şəxslər idmanı yalnız fiziki hazırlıq üçün deyil, həm də psixoloji gərginliyin azaldılması vasitəsi kimi istifadə edirlər. Məşq sonrası insan orqanizmində yaranan rahatlıq hissi gündəlik stresslə mübarizədə mühüm rol oynayır.

Nəticə etibarilə, idmanın həm psixi, həm də fiziki sağlamlıq üzərində təsiri danılmazdır. O, emosional yorğunluğun, psixosomatik pozuntuların qarşısını alır, insanda daxili harmoniya yaradır və həyat keyfiyyətini yüksəldir. Bu baxımdan, idmanın psixoloji sağlamlığın qorunması və inkişafında proqramlaşdırılmış şəkildə tətbiqi zəruri hesab olunmalıdır”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
31
sia.az

10Mənbələr