AZ

Tibb təhsilində ödəniş artımı - Yüksək təhsil haqqı imkansız tələbələri uzaqlaşdırır

Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb.

Təhsil hər bir vətəndaşın fundamental hüququdur. Xüsusilə tibb sahəsi kimi həyati əhəmiyyət daşıyan sahələrdə savadlı və peşəkar kadrların hazırlanması dövlətin strateji maraqlarına xidmət edir. Lakin Azərbaycan Tibb Universitetində təhsil haqqının artırılması bu hüququ bir çox ailələr üçün əlçatmaz etməkdədir.

Ən acınacaqlısı isə odur ki, bu vəziyyət savadlı, lakin imkansız tələbələrin təhsildən uzaqlaşmasına səbəb olacaq. Təhsil haqqının artması səbəbindən bəzi istedadlı gənclər başqa sahələrə yönələ və ya təhsillərini yarımçıq qoya bilər. Bu isə uzunmüddətli perspektivdə tibb sahəsində kadr çatışmazlığına, səhiyyə xidmətlərinin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. Həkim hazırlığı kommersiya maraqlarına yox, cəmiyyətin sağlamlığına yönəlməlidir.

Azərbaycan Tibb Universitetində təhsil haqqının artırılması valideynlər arasında ciddi narahatlıq yaradıb. Onsuz da maddi sıxıntı içində olan ailələr, uşaqlarını ali təhsilli, peşəkar həkim kimi yetişdirmək üçün böyük fədakarlıq edirlər. Lakin bu qərar onların üzərinə əlavə maliyyə yükü salmaqla yanaşı, təhsilin əlçatanlığını da sual altına alır.

Valideyn Oqtay Yaqubov bildirib ki, indiki iqtisadi şəraitdə, kommunal, ərzaq və digər gündəlik xərclərin artdığı dövrdə təhsil haqqının da artırılması onları çıxılmaz vəziyyətə salır. "Biz övladlarımızı yaxşı təhsil alsın deyə hər şeyə dözürük, amma bu qərar artıq imkanlarımızı aşır. Təhsil haqqının artması yalnız imkanlı ailələrin övladlarına tibb təhsili almaq imkanı yaradacaq. Digər tərəfdən, az gəlirli və orta gəlirli ailələr üçün bu, uşaqlarının gələcəyini qurban vermək deməkdir. Bu isə sosial təbəqələşməni daha da dərinləşdirir. Unutmaq olmaz ki, tibb sahəsi yalnız akademik bilik deyil, həm də insani məsuliyyət tələb edir. Pulun deyil, savadın və istedadın önə çıxdığı bir sistem vacibdir. Təhsil haqqının bu cür artırılması isə savadlı, lakin imkansız gənclərin bu sahədən uzaqlaşmasına səbəb olacaq. Hesab edirəm ki, bu qərar yenidən nəzərdən keçirilməlidir. Məsələ daha ədalətli bir həll yolunun tapılmasını istəyirlər. Təhsil, xüsusilə də tibb təhsili, cəmiyyətin rifahı üçün vacibdir. Bu səbəbdən qərar verənlər tələbələrin və valideynlərin səsini eşitməli, bu sahədə sosial məsuliyyət daşıdıqlarını unutmamalıdırlar”.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, region ölkələrlə müayisədə Azərbaycandakı universitetlərin illik təhsil haqları olduqca çoxdur: “Qeyd edim ki, bu gün universitetlərə ödənilən təhsil haqqı, oradakı təhsilin keyfiyyətindən yüksəkdir. Alınan məbləğ müqabilində keyfiyyətli təhsil verilmir. Tələbənin ödədiyi illik təhsil haqqı ilə ona keçilən dərsin keyfiyyəti arasında böyük ziddiyyət var. Bir neçə universiteti çıxmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir ali təhsil ocağının “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır. Müasir təhsil standartları və innovasiyalara cavab verən təhsil bazaları da yoxdur. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir. Təhsil haqqı artırılsa, burada təhsilin keyfiyyətində də artım olmalıdır, o cümlədən, universitetin infrastrukturu, tələbələr üçün komfort yaxşılaşdırılmalıdır. Əgər bunlar olmursa, sadəcə təhsil haqqı artırılırsa, bu, gələcəkdə fəsadlar yarada bilər. Bu fəsadlara tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırmaq məcburiyyətində qalması da daxildir. Halbuki dövlət başçısı konkret olaraq dəfələrlə bildirir ki, hər bir tələbə üçün təhsilin əlçatanlığı təmin olunmalıdır”.

Ekspert qeyd edib ki, Avropa və qardaş Türkiyənin bəzi nüfuzlu universitetlərinin təhsil haqlarını belə Azərbaycan universitetlərindən daha münasib hesab etmək olar: “Düşünürəm ki, bu ödənişləri tənzimləyən mexanizm olmalıdır, xüsusi qurumun yaradılmasına ehtiyac var. Hər universitet istədiyi kimi qiymət qoyduqda pərakəndəlik yaranır. Düzdür, Nazirlər Kabinetinin təhsil haqları ilə bağlı qərarı mövcuddur, lakin orada da bu məsələnin hansı qurum tərəfindən idarə edilməsi ilə bağlı konkret müddəa yoxdur”.

Təhsil eksperti Etibar Əliyev “Tibb” ixtisasının təhsil haqqının 2000 manat artırılaraq 6500 manat olmasına etiraz olaraq bildirib ki, indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz. O, təhsil haqqının bu qədər artırılmasının imkansız şəxsləri ciddi çətinliklərlə üz-üzə qoyduğunu vurğulayıb: “Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir”.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu il universitetlərin çoxunda təhsil haqqları qaldırıbdır. Təhsil haqqının bu qədər qaldırılması ciddi şəkildə araşdırıldıqdan sonra qərar verilməlidir. Nəzərə alınmalıdır ki, qiymətlərin artırılması gənclərin yerli universitetlərə yox, xarici universitetlərə üz tutmasına yol açır. Nəzərə alsaq ki, bir ailədə 2, yaxud, 3 və ya 4 uşaq ali təhsil alır. İl ərzində 6000-7000 təhsil haqqı ödənməsi kifayət qədər çətin və mürəkkəbdir. Ona görə mən hesab edirəm ki, ümumiyyətlə qiymət artımına gedilirsə, bu mütləq dövlətin qərarı ilə olmalıdır. Bu qiymətləri dövlət tənzimləməlidir. Tədrisin keyfiyyətinə uyğun olmalı və əhalinin də vəziyyəti nəzərə alınmalıdır. Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa və bu məbləğdə xeyli maaş alanlar varsa, bu vətəndaşlar təhsil haqqını hansı pulla və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi bir nəzarəti olmalıdır və dövlət özü bu prosesə əl qoymalıdır. Qiymətlər qaldırılarkən əhalinin vəziyyəti nəzər alınmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, hazırkı iqtisadi reallıqlar fonunda bu addım yüzlərlə ailəni çıxılmaz vəziyyətə salır: “Təhsil haqqının artırılması sosial baxımdan ədalətsiz qərardır. Xüsusilə də tibb sahəsində oxuyan tələbələrin valideynləri onsuz da yüksək xərclərlə üzləşirlər. Əlavə materiallar, dərs vəsaitləri və gündəlik yaşayış xərcləri kifayət qədər yük yaradır. Təhsil haqqının artırılması isə bu yükü ikiqat artırır və imkanı məhdud ailələrin övladlarının təhsil alma imkanlarını məhdudlaşdırır. Bu qərar təkcə tələbələrə deyil, ümumilikdə cəmiyyətin gələcəyinə mənfi təsir göstərə bilər. Əgər savadlı, lakin imkansız tələbələr universitet təhsilindən kənarda qalırsa, biz gələcəkdə peşəkar kadr çatışmazlığı ilə üzləşə bilərik. Bu xüsusilə də tibb sahəsi kimi strateji vacib sahələrdə ciddi nəticələr doğura bilər”. Ekspert hesab edir ki, universitetlərin maliyyə çətinliklərini həll etmək üçün yalnız təhsil haqqının artırılması yolu ilə getmək doğru deyil. Bunun əvəzinə dövlət dəstəyi artırılmalı, təqaüd və kredit proqramları genişləndirilməli, eyni zamanda şəffaflıq və effektiv idarəetmə ilə resurslar optimallaşdırılmalıdır: “Təhsil haqqının artırılması qərarı verərkən yalnız universitetin büdcəsi deyil, tələbələrin sosial durumu və ailələrin real imkanları da nəzərə alınmalıdır. Təhsil bir hüquqdur və bu hüququn qorunması həm dövlətin, həm də cəmiyyətin ümumi vəzifəsidir”.

Millət vəkili Fazil Mustafa hesab edir ki, təhsil haqları artırılmadan öncə ictimaiyyətə bu barədə məlumat verilməlidir ki, insanlar da buna uyğun davransınlar: “Bu açıq şəkildə cəmiyyətə bildirilməlidir. Çünki bu savadlı insanların, kasıb, imkansız insanların təhsil almasını əngəlləyən məqamdır və xoşagələn hal deyil. Əgər bu xərc çəkilirsə və təhsilin sonunda yetkin mütəxəssis yetişdirilirsə, onda məsələni əsaslandırıb bildirmək lazımdır. Amma elə qiyməti qaldırıram ki, institutu saxlayam, universiteti saxlayam, əksəriyyətində bütün bu prinsip işləyir. Bu açığı normal prinsip deyil”.

Nərmin Qarazadə

Seçilən
7
9
azedu.az

10Mənbələr