AZ

BDU da qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası keçirilir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Bakı Dövlət Universitetində (BDU) BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA) və Beynəlxalq Qlobal Naviqasiya Peyk Sistemləri Komitəsinin (ICG) təşkilatçılığı ilə “Systems, Signals and Services” üzrə işçi qrupunun ekspertlər iclası başlanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, beş gün davam edəcək tədbir çərçivəsində dünyanın aparıcı kosmik agentlikləri, dövlət qurumları, elmi mərkəzləri və nüfuzlu beynəlxalq təşkilatların ekspertləri BDU-da toplaşaraq qlobal naviqasiya peyk sistemlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Tədbirin məqsədi peyk naviqasiyası üzrə mövcud çağırışların, yeni texnoloji imkanların və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi, həmçinin qlobal miqyasda interferensiyanın azaldılması, siqnalların uyğunlaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, zaman və dəqiqlik standartlarının inteqrasiyası, LEO-PNT texnologiyaları və Ay missiyaları üçün spektr uyğunluğu kimi məsələlər üzrə ekspertlər səviyyəsində təcrübə mübadiləsidir.

İclasda ABŞ, Çin, Yaponiya, Koreya Respublikası, Xorvatiya, Yeni Zelandiya və digər ölkələrin ekspertləri, o cümlədən UNOOSA-nın əməkdaşları iştirak edirlər. Müzakirələrdə Avropadan bir sıra qurumların təmsilçiləri də yer alacaq.

İşçi qrupunun iclasının gündəliyində müxtəlif mövzular üzrə paralel sessiyalar nəzərdə tutulub. İlk gün “Beynəlxalq GNSS monitorinqi və qiymətləndirilməsi” (IGMA) və “Zaman üzrə standartlar” mövzularında sessiyalar keçiriləcək. Sonrakı günlərdə “İnterferensiyanın aşkarlanması və aradan qaldırılması”, “Uyğunluq və spektrin qorunması”, “Mülki siqnalların autentifikasiyası”, “Orbital tullantıların azaldılması”, “LEO-PNT texnologiyaları” və digər mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

Tədbir çərçivəsində, həmçinin GNSS sistem təminatçıları tərəfindən yeniliklərin təqdimatı, müxtəlif ölkələrin təcrübələrinin paylaşılması və yeni tövsiyələrin qəbul olunması nəzərdə tutulur. Sessiyaların yekununda işçi qrupu tərəfindən yeni qərar və tövsiyələr hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim ediləcək.

BDU-da belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsi Azərbaycan elm və təhsil mühitinin beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
azertag.az

10Mənbələr