Siqaret çəkənlərin əksəriyyəti son illər sağlamlığa daha az zərərli alternativ axtarışında elektron siqaretə üz tutur. Bir çoxları düşünür ki, bu cihazlar adi siqaret qədər təhlükəli deyil, hətta zərərsizdir.
Bəs həqiqətənmi elektron siqaretlər zərərsizdir?
Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, həqiqətən müzakirə mövzusu deyil.
"Ümumiyyətlə gənclər arasında bu mövzu çox gəzir ki, elektron siqaret daha zərərsizdir. Qapalı məkanlarda onu daha yaxşı istifadə etmək olar və s. Bu, ona görə müzakirə mövzusu deyil ki, siqaretin tərkibi qətrandır. Bu da elektron siqaretin də tərkibinin qətran olması deməkdir. Tərkibi eyni olan bir şeyin biri zərərli, biri xeyirli ola bilməz. Sadəcə olaraq bu həqiqətən də siqaret şirkətlərinin marketinq yanaşmasıdır ki, hə o daha zərərsizdir".
Həkim-terapevt elektron siqaretin orqanizimdə yaratdığı problemlərdən də danışdı:
"Ağciyərlərin selikli qişasını, tənəffüs yolu sistemini məhv edir. Bu da ağciyərdə xərçəng və s. yaranmasına səbəb olur. Təəssüf ki, bunun sonu budur. Bunu psixoloji bir rahatlama kimi də istifadə edirlər ki, mən siqareti içdim, çəkdim və rahatladım. Xeyr, bu, tamamilə psixoloji bir amildir. Hər şey insanın öz əlindədir. Əgər siqareti tərgidmək istəyirlərsə, bunun çıxış yolu elektron siqaret deyil. Çıxış yolu yalnız özlərinin iradələridir", - deyə G.Lətifova vurğuladı.
Aytəkin TOFİQQIZI