Kipr lideri Nikos Xristodulidis İsrail və İran arasında gərginliyin ölkəsinə də təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, İran nüvə silahına sahib olacağı təqdirdə Kipr də təhlükə altında qalacaq.
Sitat: “Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik. İsrail Kiprin bölgədəki ən yaxın müttəfiqidir”.
İran Kiprə hansı halda zərbə endirə bilər və bunun cavabı nə olar? İran–İsrail qarşıdurmasının ada dövlətinə hərbi və siyasi təsirləri ola bilərmi? Bu prosesdə Türkiyə necə mövqe sərgiləyər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, İranın nüvə silahına sahib olması bütün bölgə ölkələri kimi Kipr üçün də təhlükə doğuracağı şübhəsizdir:
“Xüsusilə Kiprin İsrailə yaxın coğrafiyada yerləşməsi İranın nüvə silahı ilə bağlı narahatlıqları artırır. İranın İsrailə nüvə silahı tətbiq etməsi Kipr üçün nüvə radiasiyası təhlükəsini yaradar. Digər tərəfdən, İranın ABŞ-ın bölgədəki maraqlarını hədəf alacağı ehtimalı da Kipri qorxudur. Əlbəttə, İran belə bir avantüraya əl atsa, onu çox sərt cəzalandıracaqlar. Ancaq bu, nüvə zərbəsinə məruz qalmış ölkə üçün təsəlli olmayacaq”.
Politoloq qeyd edib ki, belə bir ssenaridə Türkiyənin nə edəcəyini müəyyənləşdirmək çətindir:
“Çünki Türkiyənin İsrail və Kiprlə də münasibətləri gərgindir. Xristodulidisin açıqlaması heç şübhəsiz ki, İsraillə daha yaxın münasibətlər qurmağa hesablanıb.
Kiprdə yaxşı bilirlər ki, ABŞ Nümayəndələr Palatasının üzvləri, Demokrat konqresmen Coş Qotteymer və respublikaçı Maykl Loulerin təklif etdiyi “Bunker məhvedici” Qanun (Bunker Buster Act) layihəsi qəbul olunarsa, İsrail faktiki olaraq hərbi gücə çevriləcək. Qeyd edim ki, konqresmenlərin təklif etdiyi “Bunker Buster Act”ı İsrailə Northrop B-2 Spirit bombardmançı təyyarələrinin və 14 min kiloqramlıq GBU-57 Massive Ordnance Penetrator aviabombalarının verilməsini nəzərdə tutur. Söhbət Vaşinqtonun müttəfiqlərinin heç birinə vermədiyi “gözəgörüməz təyyarələr”in İsrailə təzhizatından gedir”.
X.Cəfərli əlavə edib ki, bu gün İsrail ABŞ, Çin, Böyük Britaniya və Rusiya ilə yanaşı, dünyanın ən güclü aviasiyaya malik beş ölkəsinin içərisində dördüncüdür:
“İsrailə B-2 “gözəgörüməz təyyarələr”inin verilməsi onu ABŞ-dan sonra ən güclü aviasiyaya malik ikinci ölkəyə çevirəcək. Kipr də belə bir gücə malik dövlətlə müttəfiq olmağa can atır”.