AZ

Övlad mənimdir, qağa, oxutmuram, əl çəkin… - Təbriz VƏFALI YAZIR

Təbriz VƏFALI

***

Dilim-ağzım qurusun, əgər yalan deyirəmsə. Haşa, canımdan çox sevdiyim ölkəmə şər-böhtan atmaq kimi fikrim yoxdur. 

Bu ilin iyulun 25-də Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı hər hansı bir məsələ hazırda gündəmdə deyil: “Təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir”.

Amma həmin müşavirin açıqlama verdiyi gündən cəmisi 20 gün sonra, yəni, avqustun 14-də Azərbaycan Tibb Universitetində 2025-2026-cı il tədris ili üçün təhsilhaqqı “Tibb” ixtisası üzrə 2 min manat artırılaraq 6500 manata, “Stomatologiya” ixtisası üzrə isə 2 min artırılaraq 6 min manata çatdırılıb. 

Bahalaşmadan danışmışkən, Bakı Dövlət Universitetində 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb. Artım isə 100-500 manat aralığındadır. Adıçəkilən təhsil müəssisəsində ən bahalı ixtisaslarından biri olan “hüquqşünaslıq” üzrə məbləğ 4500 manatdır. 

ADA Universitetində “Biznesin idarəedilməsi üzrə magistr proqramı” üzrə ixtisas üzrə təhsilhaqqı 8500 manat müəyyənləşdirilib. 

Hələ musiqi sənəti üzrə ixtisaslarda, məsələn, “Dirijorluq”, “Bəstəkarlıq”, “Vokal sənəti” və “İnstrumental ifaçılıq” ixtisaslarında illik təhsil haqqı nə az, nə çox 9000 manatdır. “Dekorativ-tətbiqi sənət” (sahələr üzrə), “Heykəltəraşlıq”, “Rəngkarlıq” ixtisasının illik xərci 7 min manatdır. 

Papağımızı qabağımıza qoyub bir tələbənin illik geyim-keçiminin qiymətini 1000 manat, yemək-içməyini, yolpulunu, kirayə pulunu, kommunal xidmətlərə görə ödənişləri də minumum 3000 manat və digər əlavə xərcləri də hesablasaq, bir illik oxumağın 10-15 min manat civarında olduğunu dəqiqləşdirərik. 

Vallahi də, billahi də bu rəqəmlərə baxanda adamın başından tüstü, gözlərindən alov çıxır. Digər yandan, oxumağına illik 10-15 min manat xərc çəkiləcək tələbənin ali məktəbdən məzun olduqdan sonra babat maaşı olan münasib iş tapıb-tapa bilməyəcəyi də sual altındadır. Yəni, hər şey Allahın ümidinə qalır. Ona görə də ən yaxşısı, övladımızın tələbə olmaq arzusunu gömək qara torpağa, onun ali təhsil almaqla bağlı muradını gözündə qoyaq, uşağa bir sənətdən, peşədən öyrədək ki, barı gələcəkdə əli çörəyə çatsın, ac qalmasın. Əbəs yerə təhsilə, elmə o qədər xərc çəkməyək, uşaq da ömrünü hədər eləməsin. 

Mərhum şairimiz Mirzə Ələkbər Sabir demişkən:    

“Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,

Elmin əbəs olduğun anlamayır, qanmayır,

Sair uşaqlar kimi hər sözə aldanmayır,

Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”

MİA.AZ

Seçilən
17
8
mia.az

10Mənbələr