2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib.
Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. Qızıla investisiya edib sonradan onu valyutaya çevirmək o qədər də sərfəli olmur. Mağazalar vətədaşlardan qızılı bazar dəyərindən qat-qat ucuz - "lom" (qırıntı) kimi qəbul edirlər. Bu zaman dizayn, fərdilik, məşhur brendin ("Cartier", "Tiffany", "Bulgari", "Dammiani", "Van Cleef & Arpels", "Chopard") istehsalı kimi faktorlar nəzərə alınmır. Nəzərə alsaq ki, normalda "lom" (qırıntı) kimi dəbdən düşmüş, artıq istifadə olunmayan, qüsurlu zinət əşyalarının qəbulu nəzərdə tutulmalıdır.
Araşdırmalarımıza əsasən, bazarda 999 əyar qızılın qramı 182 manat təşkil edir. Lakin Mərkəzi Univermaq (MUM), "Moskva Ticarət Mərkəzi" kimi zinət əşyalarının geniş çeşiddə satıldığı yerlərdə eyni əyar qızıl vətəndaşlardan "lom" kimi 140 manatdan qəbul edilir. İtalyan qızılının qramı 137 manat, alışı 100 manat, türk qızılının qramı 107, rus qızılının isə 106 manat, alışları 80 manat təşkil edir.
"Moskva Ticarət Mərkəzi"ndə qızıl alışı və satışı ilə məşğul olan satıcı Teleqraf-a bildirdi ki, qızılın plombu açılmayıbsa, dəyərindən 1-2 faiz ucuz qiymətlə satmaq mümkündür. Əks halda, qızıl zinət əşyası kimi yox, “lom” (qırıntı) kimi alınır. Yəni çəki nədirsə, alıcı satıcıya onun pulunu ödəyir.
O da məlum oldu ki, Ticarət Mərkəzində qızılın dəyəri dünya bazarındakı gündəlik qiymətlər əsasında müəyyənləşir. Əgər dünya bazarında qiymətlər düşərsə, daxili bazarda da vəziyyət dəyişir. Buna uyğun da "lom"un dəyəri biçilir.
Məsələnin başqa tərəfi vətəndaşlardan "lom" kimi qəbul edilən zinət əşyalarının cilalanaraq yeni məhsul kimi baha qiymətə satışa çıxarılmasıdır. Məlumatlara əsasən, son illər zinət əşyalarının ölkəyə qaçaqmal yolu ilə gətirilməsinə qarşı tədbirlər artırıldığından bazarda yeni mal azalıb. Mərkəzi Univermaq, "Moskva Ticarət Mərkəzi"ndə vitirinləri bəzəyən zinət əşyalarının əksəriyyəti vətəndaşlardan bir zamanlar qırıntı kimi qəbul edilən mallardır.