Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilən görüşdən sonra Prezident Donald Trampın Ukraynadakı müharibə ilə bağlı mövqeyi dəyişməyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio söyləyib.
O bildirib ki, bütün bu səylər nəticə verməsə, proses Rusiya üçün başqa nəticələrə gətirib çıxaracaq. “Biz sülh razılaşması əldə etməklə bunun qarşısını almağa çalışırıq. Düşünürəm ki, irəliləyiş əldə olunub", - deyə o vurğulayıb.
Rubio hər iki tərəfin güzəştə getməli olacağını bildirərək deyib: “Bu, mümkün qədər tez baş verməlidir. Biz istəyirik ki, bu müharibə mümkün qədər tez bitsin. Buna görə də sanksiyalar üzərində işləyirik. Əgər biz burada sülh razılaşmasına nail ola bilməsək və bu müharibə davam edərsə, o zaman Prezidentin əlavə addım atacağını görəcəksiniz".