ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Melaniya Trampın məktubu Putinə Alyaskada keçirilən sammit zamanı çatdırılıb. O, məktubda Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar məsələsinə toxunub.
Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, məktubun üzərindəki tarix 15 avqust 2025-dir, Trampın Alyaskada Putinlə görüşdüyü gün. Bu təsadüfi deyil. Məktub ictimai mesaj xarakteri daşıyır. Məqsəd Putinlə şəxsi ünsiyyət yaratmaq və özünü “uşaqların qoruyucusu” kimi təqdim etməklə yumşaq güc qazanmaqdır. Burada “sülh”, “uşaqlar”, “məsumluq” anlayışları siyasətin ən sərt reallıqlarına qarşı qəsdən qoyulub.
Melaniya Trampın rolu
Melaniya məktubu yazmaqla diplomatiyada “birinci xanım diplomatiyası” rolunu canlandırır. O, rəsmi siyasətçi deyil, amma yumşaq tonla verilmiş bu müraciət Trampın sərt siyasətini balanslaşdırır. Məktub həm də Putinə “bizim ailəmizdən sizə” mesajı verərək şəxsi yaxınlıq effekti yaradır. Bu, Trampın qəsdən seçdiyi taktika ola bilər. Sərt danışıqları öz üzərinə götürüb, yumşaldıcı sözləri həyat yoldaşı vasitəsilə göndərmək bəlkə də bir siyasətdir.
Məktubdakı əsas ideya
Məktubun mərkəzi xətti “uşaqların məsumluğunu qoruyaq” deməklə, əslində birbaşa Ukrayna müharibəsinə işarədir. Savaşda ən çox əziyyət çəkənlərin uşaqlar olması faktını vurğulamaqla, Melaniya Putin üzərində mənəvi təzyiq qurmağa çalışır. Lakin məktubda “müharibə” sözü işlədilmir. Bu da göstərir ki, məqsəd ittiham yox, daha çox təhrikedici və emosional xatırlatmadır. “Sən dayanmaqla bəşəriyyətə xidmət edəcəksən”.
Putinə “tarixi missiya” təklifi
Məktubda Putin “yalnız Rusiyaya deyil, bütün bəşəriyyətə xidmət edə biləcək” şəxs kimi təqdim olunur. Bu, psixoloji manipulyasiyadır. Putinə özünü tarixdə “sülh gətirən” obrazda görmək imkanı verilir. Beləliklə, Melaniya Putin üçün alternativ obraz yaradır. O, müharibə aparan lider rolundan uzaqlaşdırıb uşaqların gülüşünü geri qaytaran qəhrəman kimi görmək istənilir.
Əslində nə gizlənir?
Məktubun alt qatında bir neçə məqsəd gizlidir.:
1. Trampın mövqeyini yumşaltmaq - ABŞ prezidenti sərt bəyanatlar verə bilər, amma ailəsindən gələn bu məktub münasibətləri balanslaşdırır.
2. Putinə “çıxış qapısı” göstərmək - məktub sanki deyir: “Əgər müharibəni dayandırsan, bu, qalibiyyət yox, bəşəriyyətə xidmət olacaq.”
3. Avropa liderlərinə mesaj - Trampın komandası göstərmək istəyir ki, ABŞ yalnız güc siyasəti aparmır, həm də “insani diplomatiya” tətbiq edir.
Bu məktub birinci baxışdan sadə və emosional görünür, amma əslində yüksək diplomatik oyunların bir hissəsidir. O, həm Putin üçün psixoloji təsir vasitəsidir, həm də dünyaya Tramp administrasiyasının “sülh missiyası” imici yaratmaq cəhdidir. Məktubun məhz görüş ərəfəsində açıqlanması isə onu daha da strateji edir.