Dünyanın gözü indidən Ağ Evdə qurulacaq masaya dikilib. Avropanın ən güclü liderləri, NATO rəhbərliyi, Ukraynanın başçısı Vaşinqtonda bir araya gəlir.
Amma diqqətçəkən məqam odur ki, “bu liderlər Amerikaya gedirlər kimi” görünmürlər. Sanki birbaşa Trampın ayağına gedirlər. Və hiss olunur ki, Qoca Avropa Trampın masasından hökm gözləyir.
Burada ən sirli məqam Putinin kölgəsidir. Tramp adminstrasiyası müəyyən detalları açıqlayandan sonra belə məlum olur ki, Putin nəyi deyibsə,
Trampın davranışında onun izi duyulur. Kim bilir, bəlkə Tramp qorxub, bəlkə də yeni bir oyun oynayır. Nəticə hələ ki, çox qaranlıqdır.
Müharibənin yükü
Zelenski bu görüşə viran olmuş Ukrayna kimi gəlir. Onun yorğun baxışları ukraynların əzabıdır. Silahdan daha çox siyasi təminat istəyir. Çünki savaş meydanında ümid mərmilərdən əvvəl tükənmək üzrədir. Zelenskinin gəlişi Tramp üçün də bir imtahandır. Əvvəlki müttəfiqliyə sadiqlik və dəstək, ya da müttəfiqini güzəştə məcbur etmək... Əgər Ukrayna danışıqlarda zəifləsə, bu, bütün Şərqi Avropanın mövqeyinə zərbə olacaq. Hətta hesab edənlər var ki, Zelenski üçün Ağ Ev masası müharibənin səngərindən də təhlükəlidir.
Şimalın soyuqluğu
Görüşə gedən Finlandiya prezidenti Stabb NATO-ya yeni qoşulmuş və Rusiyadan gələn təhdidi ən çox hiss edən ölkə rəhbəridir. Stabb Avropanın Şimal qanadının narahatçılığını masaya gətirir. O, Zelenskiyə dəstəkdə qətiyyətlidir. Səbəb çox sadədir, öz sərhədində eyni təhlükəni görür. Odur ki, Stabb üçün bu görüş həm də Finlandiyanın təhlükəsizlik qarantiyasıdır. Əgər ABŞ zəiflik göstərsə, Şimal Avropası tək qalacaq.
Atlantikanın körpüsü
Britaniya baş naziri Starmer bu görüşdə Avropa ikə ABŞ arasında körpü rolunu oynayacaq statusludur. Çünki London həmişə Atlantik siyasətinin mərkəzlərindən biri olub. Starmer Zelenskiyə açıq dəstək versə də, Trampın siyasi gündəmini də nəzərə almaq məcburiyyətindədir. Odur ki, diplomatik balansı qorumaq kimi missiyası var. Doğrudur, Britaniya Ukraynaya silah yardımı edən əsas oyunçulardan biridir. Öz daxilində iqtisadi çətinliklər onun əlini zəiflədir. Starmerin mövqeyi bu görüşdə Britaniyanın yenidən qlobal siyasətdə nə qədər güclü ola biləcəyini göstərəcək.
Avropanın nəfəsi
Makron uzun müddətdir Avropanın strateji muxtariyyəti ideyasını müdafiə edir. Lakin Ukrayna müharibəsi onu yenidən Amerikanın kölgəsinə salıb. Bu görüşdə o, həm Fransa, həm də Avropanın sözünü demək istəyir. Makron üçün əsas məsələ Ukraynanın tək qoyulmamasıdır. O, Trampın “sülh” deyib güzəşt tələb etməsinə qarşı çıxacaq kimi görünür. Çünki Parisdə bu məsələ Rusiyanın qalibiyyəti kimi qəbul edilir. Makronun mövqeyi Avropanın sabahkı siyasi nəfəsini müəyyən edəcək desək, yanılmarıq.
Almaniyanın yükü
Almaniya kansleri Merz Avropanın iqtisadi gücünü masaya gətirir. Berlin Ukraynaya ən çox maliyyə dəstəyi verən ölkələrdən biridir. Lakin Almaniya ictimaiyyəti artıq bu yükdən yorulub. Merz üçün əsas sual dəstəyi davam etdirmək, yoxsa məhdudlaşdırmaqdır. O, Trampın tələblərinə qarşı Avropanı müdafiə etməyə çalışacaq. Əgər Almaniya geri addım atsa, bütün Avropa zəifləyəcək. Merz anlayır ki, bu görüşdə özünü Avropanın dayağı kimi göstərməlidir. İkinci Dünya Savaşında Amerikanın mövqeyi indi Almaniyada ən çox müzakirə olunan mövzulardandır.
Aralıq dənizinin səsi
İtaliyanın baş naziri Meloni sərt mövqeyi ilə tanınır. Onun üçün bu görüş ölkəsində nüfuzunu möhkəmləndirmək imkanıdır. İtaliya Ukraynaya dəstək versə də, iqtisadi çətinliklər Meloninin əl-qolunu bağlayır. O, Avropa İttifaqı ilə birlikdə danışsa güclü görünəcək. Təkbaşına isə Romada siyasi gərginliklə üzləşə bilər. Meloninin masadakı sözü Avropanın cənub cinahının mövqeyini ifadə edəcək. Təbii ki, onun sərt çıxışı Trampın danışıqlarını çətinləşdirə bilər.
Avropanın birliyi
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu görüşə bütün Avropanın səsini gətirir. O, Avropa İttifaqının Ukraynaya dəstəyini simvollaşdırır. Ursula üçün əsas məqsəd Avropanın vahid mövqeyini qorumaqdır. Əgər Avropa parçalanarsa, bu, Rusiyanın ən böyük qələbəsi olacaq. Gözlənilir ki, onun çıxışı həm diplomatik, həm də emosional olacaq. Onun mövqeyi mütləq görüşün tarixi tonunu müəyyən edəcək.
NATO-nun keşikçisi
NATO baş katibi Rutte bu görüşdə təhlükəsizlik şəbəkəsinin təmsilçisidir. Təbii ki, o, hərbi gücün dilini danışacaq. NATO üçün əsas məsələ Ukraynanın müdafiə qabiliyyətini qorumaqdır. Rutte Trampı kollektiv müdafiə prinsipindən geri çəkilməməyə çağıracaq. Onun mövqeyi masada ən sərt və qətiyyətli olacaq.
Nəticə olaraq hesab etmək olar ki, Ağ Evdəki görüş dünyanın taleyini müəyyənləşdirəcək şahmat oyunudur. Hər lider öz fiqurudur. Zelenski piyada, Tramp şah, Putin isə masada olmasa da kölgəsi ilə vəzir gedişləri edir.
Acı reallıq budur. Avropa liderləri birgə dayanmasa, oyun Tramp və Putin arasında bağlanacaq. Dünyanın sabahı isə həmin masada çəkilən xətlərin üzərində qurulacaq.
Modern Analitik və Təhlil Qrupu