AZ

Ürəkləri soyudan “Qarabağ”...

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Ludoqorets”i 3:0 hesabıyla məğlub edən “Ferenstvaroş” Çempionlar Liqasının pley-offunda “Qarabağ”a rəqib oldu. 3:0 yetərincə ciddi fərqdi, komandalar arasındakı güc nisbətinin əyani göstəricidi. Belə böyükhesablı qələbədən sonra qalib tərəfin qalibiyyətə layiq olduğu heç kimdə şübhə doğurmur. Deməli, Macarıstan çempionu səviyyəsinə görə “Ludoqorets”i açıq-aşkar üstələyir. “Qarabağ” üçün bu rəqibi üstələmək, Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək heç də asan olmayacaq. Məlum məsələdi ki, bu mərhələdə Avropa futbolunun ən güclüləri mübarizə aparır. “Real”, “Barselona”, “Liverpul” kimi rəqiblərlə eyni sırada dayanmaq Azərbaycan çempionu üçün böyük uğur olacaq. İnanırıq ki, Qurban Qurbanov və onun yetirmələri bu sevinci bizə yaşadacaqlar.Amma unutmaq lazım deyil ki, bu futboldu. Hər cür nəticəyə hazır olmaq lazımdı. Mümkün məğlubiyyət halında “Qarabağ” səviyyəsə Avropanın ikinci nüfuzlu turniri sayılan Avropa Liqasının əsas mərhələsində oynayacaq ki, bunun özü sevindirici məqamdı. Mən indidən bəd gətirib, azarkeşləri hadisələrin bela axarına hazırlamaq istəmirəm. Di gəl ki, futbolumuzun səviyyəsi göz qabağındadı. Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil etmək imkanı qazanan dörd klubdan üçü “Qarabağ”ı meydanda tək qoyub, mübarizəni dayandırıb. “Zirə” Konfrans Liqasının elə ilk mərhələsindəcə “ağ bayraq qaldırdısa”, “Sabah” Avropa Liqasının ilk təsnifat mərhələsində büdrədi, Konfrans Liqasında “Araz Naxçıvan”ın “səngər yoldaşı” oldu. “Araz Naxçıvan”la birlikdə mərhələ adlayan “Sabah” azarkeşləri ümidləndirdi. Az qalmışdı bu iki komandadan azı birinin bu mövsüm Konfrans Liqasının qrup mərhələsində oynayacağına inanaq. Arzumuz gözümüzdə qaldı.Özü də necə. “Araz Naxçıvan”la “Sabah” birlikdə rəqiblərindən 12 cavabsız top buraxdılar. Bu toplardan doqquzu Elmar Baxşıyevin çalışdırdığı komandanın payına düşdüsə, litvalı mütəxəssis Valdas Dambrauskasın çalışdırdığı “Sabah” səfərdə 0:1 hesabıyla uduzduğu “Levski”yə doğma meydanda 0:2 hesabıyla məğlub oldu. İki komandamızın dörd qarşılaşmada rəqiblərinin qapısına yola tapa bilməməsi xeyli acınacaqlı məqamdı. Özü də legioner limiti ləğv olunandan sonra təmsilçilərimiz əcnəbi futbolçuları ucdantutma heyətlərinə doldurublar. İddia edirdilər ki, legioner sayının çoxalması ilə klublarımızın səviyyəsi yüksələcək, avrokuboklarda daha uzağa gedə biləcəyik. “Omoniya” ilə “Levski” bu iddianın nə dərəcədə həqiqətdən uzaq olduğunu bizə göstərdi.Futbolumuzun, klublarımızın əsl səviyyəsi budu, əzizlərim. İndi bir məqama diqqət yetirək. Bütün müqayisələr uğursuz sayılsa da, bəzən müqayisə aparmadan da olmur. “Ludoqorets” “Ferenstvaroş”a 0:3 hesabıyla uduzub. Amma elə həmin “Ludoqorets” ötən mövsüm Bolqarıstan çempionatında “Levski”ni 14 xal qabaqlayaraq çempion olub. Aradakı fərqi təsəvvür etmək çətin deyil. Həmin “Levski” isə “Sabah”ın əlini-qolunu bağladı, iki oyunda bizimkilərin qapı “çərçivə”sinə tutarlı zərbə endirməsinə imkan verməyərək, ümumilikdə 3:0 hesabıyla qələbə qazandı. Təəssüf ki, azərbaycanlı azarkeşlər bu cür məqamları nəzərə almır. Hamı birağızdan “Qarabağ”dan tələb edir ki, heyətinə legioner hücumçu qatsın və Macarıstan çempionunu üstələsin. Bəli, inanmaq yaxşı haldı. Di gəl ki, reallıqları da unutmamaq, bütün xırdalıqları nəzərə almaq lazımdı. Vay o günə ki, “Qarabağ” “Ferenstvaroş”u üstələməyə, əsl mərəkə ondan sonra başlayacaq. “Sabah”ın da, “Araz Naxçıvan”nın da qisasını azarkeşlər çempionadan alacaq. Deyirəm, yaxşı ki, “Qarabağ” var. Udanda da ürəkləri soyudur, uduzanda da!AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
50
icma.az

10Mənbələr