AZ

Qod Nisanovun oğlunun Moskvadakı dəbdəbəli toyu – Bakıdan gedən bu sənətçilər səhnə alacaq

Referans xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı əsilli milyarder Qod Nisanov bu gün oğlunun toyunu Moskvada təşkil edir. Mərasimdə Rusiya ilə yanaşı Azərbaycandan da çoxsaylı qonaqlar iştirak edir. Azərbaycan mediasının məlumatına görə, toyda məşhur sənətçilər – Xalq artisti Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov və digər müğənnilər çıxış edəcəklər. Bildirilir ki, Qod Nisanov bu evliliklə öz qohumları ilə quda olur. Onun biznes ortaqlarından biri, azərbaycanlı əsilli milyarder və milliyyətcə Azərbaycan türkü olan İlham Rəhimovun da mərasimdə iştirakı gözlənilir.


Qod Nisanov 24 aprel 1972-ci ildə Qubanın Qırmızı Qəsəbəsində dağ yəhudilərindən olan bir ailədə doğulub. Gənc yaşlarından ticarət və biznes sahəsinə atılıb, daha sonra Rusiyada “Kiyevskaya Ploshchad” şirkətlər qrupunu yaradaraq paytaxt Moskvanın ən böyük daşınmaz əmlak və ticarət imperiyalarından birinə rəhbərlik edib. “Sadovod” bazarı, “Food City”, “Radisson Royal” oteli, “Depo” food court və digər iri layihələr onun tabeliyindədir. Forbes jurnalının qiymətləndirməsinə görə onun sərvəti 3 milyard dollara yaxındır.

Nisanov yalnız biznes sahəsində deyil, həm də Azərbaycana sadiq soydaşımız kimi tanınır. 44 günlük Vətən müharibəsi dövründə o, Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, Rusiyada güclü erməni diasporunun təsirlərinə qarşı açıq mövqeyi ilə seçilmişdir. Onun haqqında məlumat verənlər bildirirlər ki, Nisanov təmiz Azərbaycan dilində, heç bir aksent olmadan danışır və daim köklərinin Azərbaycana bağlılığını vurğulayır. Yahudi əsilli olsa da, özünü həmişə Azərbaycanın mədəniyyəti, dili və ənənələri ilə eyniləşdirib. Elə onun toya dəvət etdiyi müğənnilərin siyahısından da görünür ki, Nisanov Azərbaycan musiqisini və mədəniyyətini sevir.


Qod Nisanov Moskvanın bazarlarında və şirkətlərində çalışan minlərlə azərbaycanlının himayədarı kimi tanınır. Onun fəaliyyəti həm Azərbaycanda, həm də Rusiyada yüksək qiymətləndirilib və bir sıra nüfuzlu dövlət mükafatlarına layiq görülüb. 2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2016-cı ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2022-ci ildə isə xalqlar arasında dostluğun möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının “Dostluq” ordeninə layiq görülüb. Rusiya Prezidenti tərəfindən isə 2014-cü ildə “Dostluq” ordeni, eləcə də müxtəlif illərdə fəxri fərmanlar və nişanlarla mükafatlandırılıb.


Hazırda Rusiyada iqtisadi sanksiyalar və siyasi gərginliklərə baxmayaraq, Nisanov hələ də ən nüfuzlu iş adamlarından biri kimi qalır.


Qeyd edilməlidir ki, son aylarda Rusiya və Azərbaycan arasında yaranan və davam edən siyasi gərginlik və ziddiyyətlərin Qod Nisanovun biznesinə necə təsir etdiyi barədə açıq məlumat yoxdur. Həmçinin bu müddət ərzində onun hansısa açıqlama, bəyanat və ya siyasi manevr etməsi də müşahidə edilməyib.

Seçilən
27
34
referans.az

10Mənbələr