“İstifadə edə bilmədiyimiz imkanlar bizə baha başa gəldi.
İlk 15 dəqiqədə 3:0 öndə ola bilərdik, fürsətləri dəyərləndirmədik.
Sonra rəqib hesabı açdı, amma oyuna qayıtmağı bacardıq. Hücumda da, müdafiədə də daha yaxşı oynamalıyıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Ferensvaroş”un baş məşqçisi Robbi Kin (Robbie Keane) deyib.
Budapeşt təmsilçisi dünən Macarıstan çempionatının 4-cü turunda evdə “Akademiya Puşkaş” komandasına 1:2 hesabı ilə uduzub və liderliyi əldən verib.
Avqustun 19-da “Ferensvaroş” Budapeştdə “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsində ilk matça çıxacaq.
Robbi Kin dünənki qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında komandasının ikinci hissədə niyə zəiflədiyini başa düşmədiyini söyləyib.
Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib.
O, bu həftə "Ludoqorets"lə Çempionlar Liqasının cavab matçında əsas heyətə daxil etdiyi 10 oyunçuya istirahət verib və onları ilk "11"liyə salmayıb. Buna səbəb "Qarabağ"la qarşıdakı oyundur.
“Niyə ikinci hissədə gerilədiyimizi bilmirəm. İlk 45 dəqiqədə yaxşı oynadıq, imkanlar yaratdıq.
Oyuna görə məğlubiyyətə layiq deyildik, amma uduzduq” - deyə irlandiyalı mütəxəssis deyib