"ABŞ, Avropa və Kiyev üçtərəfli sammitə hazırlaşır, Moskva isə öz şərtlərini diktə edir..."
Donald Trampın Alyaskada Vladimir Putinlə görüşü və sonrakı telefon danışıqları Avropa paytaxtlarında fövqəladə reaksiya doğurub.
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri yazıb.
Məlunatda deyilir ki, ABŞ prezidentinin Zelenski və Avropa liderləri ilə təmaslarından sonra Brüsseldə təcili toplantı keçirilib və Avropa İttifaqı ilə Böyük Britaniyanın liderləri birgə bəyanat yayıb.
"Veto hüququ olmayacaq"
Bəyanatda Ukraynanın təhlükəsizliyinə dair açıq mövqelər ifadə olunub. Avropa liderləri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinə heç bir məhdudiyyət qoyula bilməz və ölkənin üçüncü dövlətlərlə əməkdaşlığına əngəl olmamalıdır. "Rusiya Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünə veto qoya bilməz", - sənəddə bildirilir. Avropalı siyasətçilər həmçinin qeyd edib ki, yalnız Ukrayna öz ərazisi barədə qərar qəbul edə bilər, beynəlxalq sərhədlər isə güc yolu ilə dəyişdirilə bilməz.
Trampın təşəbbüsünə dəstək, amma şərtlərlə
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corca Meloni, Böyük Britaniya baş naziri Kir Starmer, Polşa baş naziri Donald Tusk, Finlandiya prezidenti Aleksandr Stubb, Avropa Şurasının rəhbəri Antoniu Koxta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen imzaladıqları bəyanatda Trampın sülhə nail olmaq cəhdlərini dəstəklədiklərini açıqlayıb. Onlar ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sammitin keçirilməsinə hazır olduqlarını bildirib. Bununla yanaşı, Avropa Kiyevə açıq təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini xüsusi vurğulayıb.
"Sanksiyalar davam edəcək"
Bəyanatda Avropa dövlətləri Moskvanın müharibəni dayandırmadığı təqdirdə sanksiyaların sərtləşdiriləcəyini və iqtisadi təzyiqlərin artırılacağını qeyd edib: "Ukraynada qətllər davam etdiyi müddətdə Rusiyanın hərbi iqtisadiyyatına qarşı təzyiqləri daha da gücləndirəcəyik".
Moskvanın mövqeyi barədə qarışıq siqnallar
Rəsmi təsdiqlənməsə də, bəzi mənbələrə görə, Kreml Alyaska görüşündən sonra üçtərəfli danışıqlara qədər "hava məkanında atəşkəs" ideyasını nəzərdən keçirib. Digər məlumatlarda isə Putin müvəqqəti atəşkəsə razılaşmadığı, əvəzində dərhal sülh müqaviləsi bağlanmasını təklif etdiyi bildirilir. "Bloomberg"in məlumatına əsasən, Moskva hətta Ukrayna qoşunlarının bütün Donbas ərazisindən çıxmasını tələb edib.
Zelenskinin Vaşinqton səfəri
Məlum olan yeganə fakt odur ki, Zelenski avqustun 18-də Vaşinqtona gedəcək. Tramp Ağ Evdə görüşün baş tutacağını təsdiqləyib və daha sonra Putinin də iştirakı ilə sammitin təşkil oluna biləcəyini bildirib. Beləliklə, Alyaska görüşündən sonra beynəlxalq gündəm daha da gərginləşib: Avropa Ukraynanın suverenliyinə sərhədsiz dəstək vəd edir, Tramp sülh müqaviləsinə ümid bəsləyir, Moskva isə öz şərtlərini irəli sürməkdən çəkinmir.