AZ

Tramp Putinlə azı 3 məsələdə ehtimal ki, ortaq məxrəcə gəlib, Donbas tam şəkildə...


Alyaskada Putin-Tramp görüşü barədə Azərbaycan və Qərb analitikləri arasında çox fərqli fikirlər var. Azərbaycanda əsasən elə rəylər var ki, Tramp Putinin üzərində triumfal qələbə çalaraq onu darmadağın etdi... Qərbdə isə əksinə, əsas fikir belədir ki, Putin Trampın üzərində üstünlüyü ələ aldı... Bunlar ekspertlərin və analitiklərin ümumiləşdirilmiş baxışlarıdır..

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Bəs əslində görüş hansı nəticəni verib?

Birmənalı deyilməlidir ki, görüşdə hansısa razılaşma və ya konkret yekun barədə rəsmi heç nə deyilməyib. Nə Kremldən, nə də Ağ Evdən... Təəssüf ki, belə qeyri-müəyyən nöqtədə bəziləri elə dəqiq mühakimə yürüdür ki, sanki Trampın və ya Putinin tərcüməçisi qismində orada imişlər... Halbuki yalnız təhlillər əsasında müəyyən ehtimallarla çıxış etmək olar.

Əvvəlcə əlimizdə olan məlumatları ümumiləşdirək və sonra nəticələr çıxarmağa çalışaq...

Tramp görüşdən sonra Avropa liderləri ilə danışdı, onlara deyib ki, Putin atəşkəs yox, birbaşa sülh sazişi istəyir, Putin bütün Donbasın ona verilməsi iddiasındadır, əvəzində təklif edir ki, Xerson və Zaporojyenin hələ Ukraynada qalan hissələrinə olan iddiadan əl çəkir (Putinin Ukraynaya "hörmətinə" baxın). Bunlar görüşdən sonra Trampın dilindən çıxan və müxtəlif mənbələrin sızdırdığı məlumatlardır. Görüşdən sonra Trampla danışan Avropa liderləri dərhal sabah üçün, avqustun 16-da "Qətiyyətlilər qrupunun" toplantısını keçirməyə qərar veriblər, bəyan ediblər ki , Putin Ukrayna xalqını öldürməkdə davam etdikcə, ona qarşı təzyiqlər gücləndirilməlidir, əsas nailiyyət budur ki, Tramp Putinlə görüşdən sonra Avropa liderlərinə Ukraynanın təhlükəsizliyinə NATO çərçivəsində yox, NATO- nun 5-ci maddəsinə uyğun təhlükəsizlik qarantiyasına qoşulduğunu deyib, Zelenski həftənin 1-ci günü Trampla üz-üzə danışmaq üçün ABŞ-a gedir, Zelenski əsasən onu aydınlaşdırmaq istəyir ki, Tramp Ukraynaya nə kimi təhlükəsizlik qarantiyası vəd edir, Tramp isə Avropa liderlərini də Zelenski ilə birlikdə ABŞ-a dəvət edib, Avropa liderlərinin bu təklifə reaksiyaları hələ məlum deyil.

Avropa liderləri Putinə inanmağın mümkün olmadığını bir daha ifadə ediblər, Kaya Kallas isə "Putinə təzyiq bir an dayandırıla bilməz, Putinə Ukraynanın NATO və AB üzvlüyü üzərində veto hüququ vermək olmaz, Ukraynanın ordusuna məhdudiyyət qoymasına imkan vermək olmaz" deyib...

İndi gəlin bütün deyilən faktlar əsasında mümkün ehtimallara keçək.

1-ci ehtimal. Tramp Ukrayna -Rusiya atəşkəs razılaşması yox, birbaşa sülh sazişi imzalanması fikrinə meyllidir və bəlkə də bu yöndə Putinə ümidlər verib.

2-ci ehtimal, Putinə ərazi güzəştlərinin mümkün olacağı ilə bağlı ümid verib və əvəzində Ukraynaya təhlükəsizlik qarantiyası vəd edib.

3-cü ehtimal, Donbasın təbii ehtiyatlarını Rusiya ilə birgə işlətməkdə maraqlı olduğunu Putinə deyib.

Əgər bu ehtimallar həqiqətə yaxın deyilsə, niyə Zelenski dərhal ABŞ-a gedir, axı görüşdən dərhal sonra Tramp Putinlə görüş barədə Zelenskiyə hesabat verib?..

Əgər həqiqət deyilsə, niyə Tramp Putinlə görüşdən sonra Rusiyadan neft alan ölkələrə ikiqat rüsum tətbiqi fikrini 2-3 həftə dondurduğunu deyib?

Avropada Amerikanın bir nömrəli müttəfiqi Britaniyanın baş naziri Starmer niyə deyib ki, sülhə hələ heç vaxt bu qədər yaxın olmamışıq?..

Həqiqət deyilsə, niyə Makron və bir neçə Avropa lideri "Biz bundan sonra da Ukraynanın təhlükəsizliyinə ABŞ-sız təminatların gücləndirilməsi üzərində düşünməliyik" deyib?...

Məncə, çox tezliklə Trampın Putinlə Ukrayna barədə apardığı danışıqlar Avropa liderləri ilə Trampın arasında yenidən gərginlik mərhələsi açacaq...

Tahir TAĞIYEV

Seçilən
60
50
baki-xeber.com

10Mənbələr