BAKI, TurkicWorld, Səməd Əyyubov
İsraildə Ultra Ortodoks yəhudilərin (Haredi) dini liderlərindən, sabiq başhaham İsxaq Yosef hökuməti kəskin tənqid edərək Baş nazir Benyamin Netanyahunu “ateist” və “etibarsız” adlandırıb.
TurkicWorld xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Məlumata görə, Yosef Ultra Ortodoks partiyaların Netanyahudan ümid gözləməsini sərt şəkildə pisləyib:
“O, ateistdir, heç nəyə inanmır. Beləsinə necə güvənirsiniz? Niyə güvənirsiniz?” – deyə o, bildirib.
Yosef həmçinin İsrail ordusunun Haredi gəncləri hərbi xidmətə cəlb etmək üçün təzyiq göstərdiyini və bəzi tələbələrin saxlanıldığını qeyd edib. O, tərəfdarlarına xəbərdarlıq edərək deyib: “Əgər qapını döyürlərsə, əvvəlcə kimin olduğuna baxın. Onlardırsa, qapını açmayın.”
Xatırladaq ki, Haredilər uzun illərdir İsraildə hərbi xidmətdən azad olunublar. Lakin Qəzza müharibəsindən sonra ölkədə əsgər çatışmazlığı gündəmə gəlib. Ali Məhkəmə 2024-cü il iyunun 25-də qərar qəbul edərək Haredilərin məcburi hərbi xidmətdən azad edilməsinin hüquqi əsası olmadığını elan edib. Bu qərardan sonra minlərlə gəncə çağırış vərəqəsi göndərilib.
Bu səbəbdən, Haredi partiyaları – "Şas", "Degel HaTorah" və "Agudat Israel" Netanyahunun partiyası ilə qurulan koalisiyadan çıxıb. Nəticədə Netanyahu hökuməti parlamentdə çoxluğu itirərək azlıq hökumətinə çevrilib. Hazırda hökumətin taleyi və Haredilər üçün yeni qanun qəbul olunub-olunmayacağı qeyri-müəyyən olaraq qalır.