Arıqlamaq məqsədilə kalori miqdarını kəskin şəkildə azaltmaq və salat əsaslı pəhrizlərə keçmək düşündüyünüz qədər effektiv olmaya bilər. Əksinə, bu cür yanaşma orqanizmdə əks reaksiyalara səbəb olaraq, yağ toplanmasına və maddələr mübadiləsinin zəifləməsinə yol aça bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə açıqlamasında diyetoloq və sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşeryakova danışıb.
Mütəxəssisin sözlərinə görə, kalorilərin qəfil azaldılması bədəni "enerjiyə qənaət" rejiminə salır:
"Kalorinin kəskin şəkildə azaldılması zamanı orqanizm maddələr mübadiləsini ləngidir və mövcud enerjini qorumağa çalışır. Belə olan halda insan, az miqdarda qida qəbul etsə belə, arıqlamaq əvəzinə çəki ala bilər".
Diyetoloq əlavə edib ki, yalnız tərəvəzlə məhdudlaşdırılan pəhrizlər protein, vitamin və mikroelement çatışmazlığına səbəb olur. Bu isə təkcə fiziki sağlamlığa deyil, eyni zamanda enerji səviyyəsinə və emosional vəziyyətə də mənfi təsir göstərir.
O, həmçinin protein çatışmazlığının daha ciddi fəsadlara yol aça biləcəyinə diqqət çəkib.
"Bədən zəruri protein qəbul etmədikdə, enerji üçün əzələ toxumasını istifadə etməyə başlayır. Bu isə maddələr mübadiləsinin daha da zəifləməsinə səbəb olur", - deyə Meşeryakova vurğulayıb.