AZ

İsfəndiyar Vahabzadə: Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur... Müsahibə

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az İsfəndiyar Vahabzadənin "Ədəbiyyat qəzeti"nə verdiyi müsahibəni təqdim edir.

- Çingiz Aytmatovla dostluğunun tarixindən başlayaq.

- Əvvəlcə yazışırdılar. Sonra atamı Qırğızıstana dəvət etmişdi. Orda görüşmüşdülər. Sonra 1985-ci ildə atamın 60 illik yubileyinə gəldi. Çıxış elədi. Çingiz Aytmatov bir neçə dəfə gəlmişdi bizə. Amma xahiş edirdi ki, Bəxtiyar, mən gələndə kimsə bilməsin. Gələrdi. 2-3 gün qalardı. Şəkiyə gedərdilər. Atamın Moskvada çıxan kitabına da Ön söz yazmışdı. Bir xatirəmi danışım. Mən İsveçrədə işləyəndə Heydər Əliyev atama bir qızıl qələm vermişdi ki, bunu Çingiz Aytmatova çatdırarsan. O zaman, səhv etmirəmsə, Çingiz Aytmatov Fransada işləyirdi. Atam qələmi mənə verdi ki, bunu Çingizə çatdırarsan. Mən qələmi özümlə götürdüm. Elə oldu ki, çemodanım itdi. Bilmədim neyləyim, bir həftədən sonra çemodan tapıldı. Mən qələmi Qırğızıstanın İsveçrədəki səfirinə verdim ki, bunu Çingiz Aytmatova çatdırsın.

- Bəs Oljas Süleymenov?

- Onunla da dostluqları çoxdan başlamışdı. Moskvada tanış olmuşdular. Tez-tez telefon danışıqları olurdu. 20 Yanvar hadisələrində atam onu Bakıya dəvət etdi. Gəldi.

- Siz Məhəmməd Hadinin tədqiqatçısısınız. Doktorluq işiniz Hadi ilə bağlı olub. Amma namizədlik dissertasiyanız Süleyman Rüstəmlə bağlıdır. Süleyman Rüstəmin yaradıcılığına sizi sövq edən nə oldu, yaxud Süleyman Rüstəmdən sonra necə oldu Hadiyə yönəldiniz?

- Deməli, mən İrandan gəlmişdim və İrandan özümlə kifayət qədər material gətirmişdim. Dissertasiyamın adı əvvəlcə belə idi: "Cənubi Azərbaycanda inqilabi azadlıq hərəkatının nəsrdə əksi". Yəni söhbət Azərbaycan nəsrindən gedirdi. Mən bunu yazanda sovet vaxtıydı, 1980-ci illərin əvvəlləri. Məqalələrim də çıxırdı. Dedilər ki, Moskva bu mövzunu təsdiq etməyəcək. Elmi rəhbərim Yaşar Qarayev idi. Mövzumun adını dəyişdilər - "Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusu". Müdafiə etdim. Bundan sonra mən Məhəmməd Hadinin yaradıcılığını doktorluq mövzusu kimi götürdüm. Onu da müdafiə etdim. Yadıma gəlir, Xarici İşlər Nazirliyində idarə rəisi işləyirdim. Nazir Həsən Həsənov idi. Həsənov məni çağırıb dedi ki, sabah Heydər Əliyev İrana gedir. Sən də tərcüməçi kimi getməlisən. Tərcüməni sən edəcəksən. Ertəsi gün getdik İrana. Qayıdandan sonra zəng vurub dedilər ki, Heydər Əliyev səni qəbul edəcək. Gəldim Heydər Əliyevin qəbuluna. Dedi, "sənədlərinə baxıram, həmişə partiya sistemində çalışmısan. Mən Bəxtiyarı tanıyandan disident olub. Dedi, əslində sovet sənin kisəndən gedib. Sovet dövründə ancaq vəzifələrdə olmusan, partiya işində çalışmısan. İndi də sovet dağılıb, nazir müavini gedirsən. Sonra dedi, "Süleyman Rüstəm gözəl şair olub, amma tribun bir şairdir, Məhəmməd Hadi Azərbaycan romantizminin banisidir. Hərçənd, Azərbaycanda romantizmin banisi Əli bəy Hüseynzadədir... Sonra əlavə etdi, romantizmə qalsa, Abbas Səhhət də romantik olub. Romantikləri "mürtəce" və "mütərəqqi"yə bölüblər.

- Bunu Heydər Əliyev dedi?

- Bəli. Belə dedi: Hərçənd, Azərbaycan romantizminin banisi Əli bəy Hüseynzadədir, onun davamçıları Cavidlə Məhəmməd Hadi olub, dedi. Sonra Süleyman Rüstəmlə, Məhəmməd Hadi ilə bağlı fikirlərimlə maraqlandı... O söhbətdən sonra mən Mədəniyyət nazirinin müavini təyin olundum.

- Bəs Məhəmməd Hadi mövzusuna necə gəldiniz?

- Məhəmməd Hadi ağır mövzudur. Hətta deyərdim, Füzulidən də ağır mövzudur. Elmi məsləhətçim Məmməd Cəfər müəllim, rəsmi opponentim Əziz Mirəhmədov idi. Mənə məsləhət gördülər ki, mövzunu işləməzdən əvvəl Kantı, Şopenhaueri və Nitsşeni oxuyum... Hadi ilə Şopenhauer arasında paralellər, müqayisələr aparım. Yeniyetməlik illərimdən bir şakərim vardı. Atam demişdi ki, bir şey oxuyanda çalış, kitabın qıraqlarına fikirlərini yaz. On ildən sonra bir də oxuyarsan. Mən Hadini də elə oxumuşdum. Qeydlər edərək. Atamın dediyi kimi oldu. Müdafiə edəndən neçə il sonra bir də oxudum. Gördüm ki, yox, həmin fikirləri özüm də qəbul etmədim. Burda Məmməd Cəfər müəllimin bir fikri yadıma düşür. Demişdi, elmlər doktoruyam, professoram, akademikəm, hamısından imtina etməyə hazıram. Çünki biz Məhəmməd Hadini layiqincə tədqiq edə bilməmişik. Hadi ilə Şopenhauer arasında paralellərdən söz düşəndə, deyirdim bəs, siz niyə aparmadınız bu paralelləri? Deyirdilər, sən cavansan, bacararsan. İndi özüm çatmışam onların yaşına, görürəm yox, bu mövzular mən girən kol deyil. Sovet dövründə Hadini dərindən tədqiq etmək olmazdı. İndi isə Hadini, Şopenhaueri və Nitsşeni bir yerdə tədqiq eləmək mümkün deyil. Buna kimin qüdrəti çatar? Elə bil Hadi Şopenhauerin əsərlərini nəzmə çəkib. Mən müxtəlif işlərdə çalışdım. Buna görə də tədqiqatçılığımı davam etdirə bilmədim.

- Hadi haqqında ən yaxşı yazılardan birini 1958-ci ilə Bəxtiyar Vahabzadə yazmışdı. "Şairin faciəsi" məqaləsi. Yeri gəlmişkən, Bəxtiyar Vahabzadənin həmin məqaləsində Şopenhauer də xatırlanır. Hadi üzərində tədqiqlərinizi indi davam etdirmək istəyərsiz?

- Yox. 71 yaşım var mənim. Artıq gecdir... Atam mənim indiki yaşımdan 13 yaş böyük olanda dünyasını dəyişib.

- Atanızın yubileylərini xatırlayırsız?

- Təəssüf ki, yox. Heç vaxt atamın yubileylərində iştirak edə bilməmişəm. 1975-ci ildə atamın 50 illiyində təcili Moskvaya getməli oldum, o səbəbdən yubileyində iştirak edə bilmədim. 60 illiyində Azərbaycanda deyildim. 70 illiyində də, 80 yaşı tamam olanda da burda deyildim, qismət olmadı. Söz vermişdim ki, 90 illiyində olacam. 83 yaşında dünyasını dəyişdi. Bu da belə qismət olmadı. İndi səhhətimdə problem var, əməliyyat olunmalıyam. Ölümdən qorxmuram. Amma zülümlü ölümdən qorxuram. Bilmirəm, atamın 100 illiyində iştirak etmək mənə nəsib olacaqmı?

- İki kitabınızı - Süleyman Rüstəmlə və Məhəmməd Hadi ilə bağlı kitablarınızı oxumuşam. Başqa kitablarınız varmı?

- Çap olunmamış 5 kitabım var. Nə vaxtsa çap olunar...

- Əvvəllər Zəki Vəlidi Toğan barədə də silsilə yazılarınızı oxuyurdum.

- Əlimdəki kitablardan biri elə Zəki Vəlidi Toğan haqqında yazdığım kitabdı. Orda legionlar barədə də yazmışam. O kitabı yazanda bildim ki, Azərbaycan legionu olmayıb, Türküstan legionu olub. Mən Almaniyada olanda bu məsələləri dərindən araşdırdım. Türküstan legionu 1939-cu ildə yaradılıb. Onun da ilk başçısı qazax Mustafa Çokayev olub. Çokayev 1941-ci ilin dekabrında ölüb. Onun yerinə Vəli Qəyyum Xan gəlib. Ondan sonra Baymirza Hayıt. Basmaçılar. Orta Asiyadan gedən basmaçılar Türküstan legionu yaradıblar. Azərbaycan legionuni isə yarada bilməyiblər. Gürcüstan legionu yaranıb, Ermənistan legionu da yaradılıb. Azərbaycan legionu isə yaranmayıb. Çünki azərbaycanlılar iki yerə bölünüb. Zəki Vəlidi haqqında kitabımda Sədri Məqsudi Arsal barədə də yazmışam.

- Mənim düşüncələrimdə Bəxtiyar Vahabzadənin Neftçala səfərləri bir ayrı tarixdir. Evimizdə onun atama yazdığı 134 məktub qorunur. Gənclik illərindən üzü bəri birgə çəkilmiş neçə şəkilləri var. Atamın şəxsi kitabxanasında istisnasız olaraq bütün kitablarının avtoqraflı nüsxələri qorunur. İndi məşhur olan "Ay Allah" şeirinin ilk nüsxəsi də bizdədir. Atam, bəlkə də yeganə adamdır ki, Bəxtiyar Vahabzadə dörd şeirini ona ithaf edib, haqqında iki məqalə yazıb...

- Anam həmişə deyirdi ki, İmamverdi nur kündəsidi. Həqiqətən, nur adam idi. Səsində bir yatımlılq var idi. Mülayimlik var idi. Mən heç kəsdə elə mülayim səs görməmişəm. Atamla çox yaxın dost idilər. Atam tez-tez Neftçalaya - sizə gedirdi. Xudu Məmmədovla, Məsud Əlioğlu ilə. Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur, səhər tezdən də olsa, gecəyarısı da olsa, İmamverdigilə getmək istəyirəm. Yadıma gəlir, lap balaca olanda mən də gəlmişdim sizə. Atamla birgə.

- Neçənci il olardı?

- Mən lap balacaydım, beş-altı yaşım olardı..

- Atanıza ehtiyac duyursunuz?

- Mən atama ilahi varlıq kimi baxmışam. Ona səcdə eləmişəm. Həmişə də çalışmışam ki, o, məni təsdiqləsin... Həmişə istəyim bu olub.

Söhbətləşdi: Azər TURAN

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

"Breaking Bad"in müəllifindən yeni serial

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
kulis.az

10Mənbələr