AZ

Görkəmli ədib əbədiyyətə qovuşdu

Azərbaycanın görkəmli yazıçısı, Əməkdar incəsənət xadimi, “Şərəf” ordenli, Prezidentin fərdi təqaüdçüsü, Vidadi Yusif oğlu Babanlı dünən ömrünün 98-ci ilində əbədiyyətə qovuşub. Bir sıra populyar nəsr əsərlərinin, ictimai məzmunlu silsilə şeirlərin və sənədli əsərlərin müəllifi, dünya ədəbiyyatından qiymətli nümunələri ana dilimizə çevirmiş ustad qələm sahibi XX əsr və müstəqillik dövrü ədəbiyyatımızda və publisistikamızda özünəməxsus silinməz izlər qoyub.

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1944–1949-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. O, gənclik illərində qısa müddət kənddə müəllim işləyib. Fəal ədəbi-publisistik yaradıcılıq mühitinə qayıdan Vidadı Babanlı "Azərbaycan müəllimi" qəzeti, "Ədəbiyyat qəzeti" redaksiyalarında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. O, sonrakı illərdə "Azərbaycan" jurnalı redaksiyasında nəsr, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbələrinə rəhbərlik edib, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.

Ədəbi aləmə şeirlə gələn Vidadı Babanlının ilk qələm təcrübəsi "Anam sən oldun" 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görüb. Gənclik dövründə yazdığı şeirləri, "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub. Nəsr yaradıcılığına "Gəlin" povesti ilə başlayan yazıçının “Vicdan susanda”, “Həyat bizi sınayır”, “Müqəddəs ocaq” kimi romanları, "Ana intiqamı" povesti, hekayələri ona ölkəmizdə və xaricdə geniş populyarlıq qazandırıb, dəfələrlə nəşr olunub.

Kinossenarilər və aktual mövzulu publisitik yazılar Vidadi Babanlının yaracılığına əlavə zənginlik gətirib. “Öz evində qonaq" pyesi isə ədibi tamaşaçılara problemləri cəsarətlə səhnəyə gətirən pyes müəllifi kimi tanıdıb. Onun ahıllıq dövrünun yaradıcılıq məhsulu olan "Kişilik haqqında himn" şeirlər , "Dərd məni dilləndirir" publisistik topluları, "Mənim gizlinlərim" avtobioqrafik romanı ədəbi mühitdə böyük maraqla qarşılanıb.

Vidadi Bbanlının 8 onillik davam etdiş məhsuldar yaradıcılığı xalqının sevinc və kədərinin, arzu və uğurlarının əhatəli bədii, sənədli salnaməsini təşkil edir. Xalqını sonsuz məhəbbətlə sevən, özü də milyonların sayğı-rəğbətini qaranan görkəmli söz ustası ömrünün sonunadək milli ədəbiyyatımıza, ictimai düşüncəmizə ləyaqətlə və yorulmadan xidmət etdi. Bidadi Babanlının ölməz xatirəsi xalqımızın əbədiyaşarlıq xəzinəsinə köçdü.

Allah rəhmət eləsin!

“Xalq qəzeti”nin kollektivi

Seçilən
19
4
xalqqazeti.az

7Mənbələr