AZ

“Salvo” döyüşə hazırdır: Azərbaycan Xəzərdə yeni ölüm maşını ilə patrul edir

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin Komanda İdarəetmə Məntəqəsində olub, burada mərhələlər üzrə yerinə yetirilən tapşırıqlar haqqında komandir heyətinin məruzələrini dinləyib.
Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin başlıca məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Plana əsasən, təlimə cəlb olunan qüvvə və vasitələr Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə fəaliyyətləri icra ediblər. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkarlanıb və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.
Təlim çərçivəsində axtarış-xilasetmə tədbirləri və qəzalı gəminin təxliyəsi üzrə fəaliyyətlərin icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib. Döyüş atışlı taktiki təlimdə əsas diqqət mürəkkəb şəraitdə gəmilərin idarə olunmasına, dəniz qüvvə və vasitələri arasında qarşılıqlı əlaqənin təşkilinə, uzlaşmanın və birgə fəaliyyətlərin təkmilləşdirilməsinə yönəldilib.
Təlimin gedişatını izləyən müdafiə naziri şəxsi heyətin peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların icrasını müsbət qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Döyüş atışlı taktiki təlimi şərh edən hərbi ekspert  Ədalət Verdiyev “Şərq”ə açıqlamasında yeni pilotsuz və silahlı dəniz vasitəsinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olduğunu bildirib:

 “Təlim zamanı diqqəti cəlb edən silahlı vasitələrdən biri ilk dəfə ictimaiyyətə təqdim edilən “Salvo” vasitəsi olub. "Salvo" pilotsuz dəniz vasitəsi Türkiyənin "Dearsan" şirkəti tərəfindən yerli imkanlarla istehsal və inkişaf etdirilib. Şirkətin pilotsuz dəniz nəqliyyat vasitələri ailəsinə məxsusdur. "Salvo" silahlı bir dəniz vasitəsidir, onun ərsəyə gətirilməsində "Dearsan" öz resurslarından istifadə etməklə ASELSAN, ROKETSAN və YALTES də daxil olmaqla çoxsaylı tərəfdaşları ilə birgə fəaliyyət göstərib. 
Maksimum sürəti 83 km/sa – 111 km/saat və ya 45-60 düyündür. Dizel mühərriki ilə hərəkətə gətirilən "Salvo" iki su reaktiv mühərrik sistemindən istifadə edir. Öz sinfinin ən sürətli vasitəsi olan "Salvo" idarə olunan raketlər və pulemyotlardan hərəkət edən hədəflərə atəş açmaq qabiliyyəti ilə seçilir. Onun silah konfiqurasiyasına ROKETSAN istehsalı olan YALMAN raket qurğusu və ASELSAN istehsalı olan 12,7 mm-lik pulemyotla inteqrasiya olunmuş yeni  uzaqdan idarə olunan silah sistemi daxildir.
"Salvo" həmçinin quruda yerləşən mobil nəqliyyat vasitələrindən və ya qərargahın komanda mərkəzlərindən real vaxt rejimində idarə oluna bilər. Vasitə amfibiya desant gəmilərindən, mina gəmilərindən və ya korvetlər tipli üzən platformalardan dənizə buraxıla bilir”.
Ekspertin sözlərinə görə, "Salvo"nun ilk atış sınaqları 2022-ci ildə Bursa sahillərində həyata keçirilib. Bu sınaqlarda "Salvo" vasitəsi YALMAN raket qurğusundan idarəolunan "Cirit" raketi ilə hərəkət edən hədəfi müvəffəqiyyətlə məhv edə bilib. Daha sonra "Salvo" stabilləşdirilmiş silah sistemindən başqa bir hərəkət edən suüstü hədəfə 12,7 mm-lik pulemyotdan dəqiq atəş açıb. Bu sınaqlarda bir çox ölkələrin hərbi attaşeləri və səfirləri, mətbuat nümayəndələri iştirak etmişdilər.
Ə.Verdiyev həmçinin qeyd edib ki, təlim zamanı nümayiş etdirilən “Salvo” pilotsuz dəniz vasitəsi yüksək manevr qabiliyyəti, uzaq məsafədən idarə olunma imkanı və üzərindəki silah sistemləri ilə müxtəlif dəniz əməliyyatlarında istifadə oluna biləcək müasir platforma hesab olunur: “Müasir müharibələrdə, xüsusən Qara dənizdə və Qırmızı dənizdə iri sututumuna malik döyüş gəmilərinin pilotsuz vasitələrə qarşı həssaslığını nəzərə alaraq, “Salvo” tipli döyüş vasitələrindən daha geniş istifadə edilməsinin məqsədəuyğun olduğu şübhəsizdir. Rusiyanın Qara dəniz donanması Ukraynaya məxsus pilotsuz katerlər vasitəsilə sıradan çıxarılıb. Hazırda Azərbaycan həm Rusiya, həm də İran tərəfindən təhdidlərə məruz qaldığı bir vaxtda yeni pilotsuz silahlı vasitəsinin Xəzər dənizində döyüş vəzifələri icra etməsi doğru və məntiqli qərardır. Bizə düşmən gözü ilə baxanlar, onları quruda və dənizdə nə gözlədiyini yaxşı bilməlidir. Hesab edirəm ki, rəqiblərin Xəzər akvatoriyasında mövcud olan döyüş potensialına qarşı nisbətən az büdcə ilə daha effektiv nəticə verən vasitələrin arsenala daxil edilməsi tamamilə doğru addımdır.
Təlimdə sınaqdan keçirilən “Salvo”nun Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş imkanlarını artıracağı və xüsusilə dənizdə müşahidə, patrul və hücum tapşırıqlarında əhəmiyyətli rol oynayacağı gözlənilir. Bütün bunlarla bərabər dəniz qüvvələrinin şəxsi heyətinin, xüsusilə də dəniz piyadalarının və xüsusi təyinatlıların təchizatına ciddi diqqət yetirmək lazımdır. 
Bu vasitənin DSX-nin Sahil Mühafizə Komandanlığının silahlanmasında yer alması da mümkündür. Son zamanlar İrandan Azərbaycan ərazisinə narkotiklərin daşınmasında silahlı qaçaqmalçıların paralel şəkildə bir neçə istiqamətdə dronlardan və “Yamaha -400” mühərriki ilə təchiz edilən katerlərdən istifadə etdiyini nəzərə alsaq, o zaman sürətli və silahlı pilotsuz vasitələrin Sahil Mühafizəsi üçün əhəmiyyəti qabarıq şəkildə özünü büruzə verir. 
Lakin başqa bir vacib məsələ də ondan ibarətdir ki, Azərbaycan daha böyük döyüş gəmilərini öz ərazisində mövcud olan tərsanədə istehsal edə bilirsə, “Salvo” və ya digər buna bənzər vasitələrin də yerli istehsalını təşkil edə bilər. Hazırda həm özümüz, həm müttəfiqlərimiz, həm də dünya silah bazarı pilotsuz dəniz vasitələrinə ciddi ehtiyac duyur.  Bu bazardan ciddi vəsaitlər əldə edə bilərik. Bu pilotsuz vasitələr üzərinə peyk idarəetməsinə malik kiçik zərbə dronları yerləşdirmək isə “Salvo”nu ölüm maşınına çevirə bilər.  Suyun üstü ilə hərəkət edən pilotsuz vasitənin sualtı versiyası daha təhlükəli ola bilər. Yetər ki, istək olsun...”. 

Seçilən
32
16
sherg.az

10Mənbələr