AZ

Samir Abasov mövsümün ilk oyunundan razı qalıb

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın yeni mövsümünün 1-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, ikisi də standart vəziyyətdən. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. “Şamaxı” müdafiədə idi. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bu oyunda udmaq istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm”.

Samir Abasov komandasının sərgilədiyi oyundan razı qaldığını bəyan edib:

“Narazı qaldığım məqam olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa oyunçuların oyunun içində qopduğunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından… Sağ və sol vingerlərin sıradan çıxması, məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, 2-3 oyunçunun heyətdə olmaması planları pozur”.

Samir Abasov Kenan Piriçin gəlişindən sonra Rza Cəfərovun komandadakı gələcəyinin şübhə altına düşməsi ilə bağlı fikirlərə də münasibət bildirib:

“Üç yaxşı qapıçımız var. Bu, “Neftçi” üçün yaxşıdır. Rəqabət artır. Kapitan məsələsinə gəlincə, mən komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı kapitan təyin etdim ki, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. “Neftçi”nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənarda etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza da digər futbolçular kimi bizim üçün dəyərlidir”.

Samir Abasov Ramil Şeydayev və 2 legionerin gedəcəyinə işarə vurdu

Samir Abasov komandasının hədəflərindən də söz açıb:

“Avrokuboklarda oynamaq istəyirik. Artıq beynimizdə bir sistem var. Ona görə məşq keçirik. Yaxşı toplanış keçmişik. Gözləmədiyimiz hallar olur, bəzi oyunçular sıradan çıxırlar. Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adının iştirak ərizəsində yer almamasına gəlincə, onlarla gələcək barəsində danışmışıq. Yaxın günlərdə həmin oyunçular haqda saytımızda informasiya çıxacaq”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov da yeni mövsümün ilk oyunu ilə bağlı düşüncələrini bölüşüb:

“İlk oyun idi. Rəqib “Neftçi” idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada “Neftçi”yə qarşı oynamaq çətin idi. Amma ilk oyuna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi. Rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunluq oldu. Dəyişiklik etdik. Səfərdə 1 xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq, futbolçularımızın daha yaxşı inikişaf etməsini istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar”.

Ayxan Abbasov transferlərlə bağlı çətinliklərdən də söhbət açıb:

“Bizdə ehtiyat qüvvə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Bizim də büdcəmiz çox olsaydı, 16-17 legioner gətirərdik. Yerliləri də transfer edə bilmirik. Yerli futbolçular gətirmək bizim üçün legioner gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaq. Oruc və Edqar da bura daxildir. Onları da meydançada görəcəyik.

Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqarın cinahında rəqabət var. Bu, onun inkişafına gətirəcək. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.

Prinsiplərimiz gəncləri yetişdirməkdir. Komandada rəqabət var. Oyun olacaq ki, bu riskə gedəcəyik. Amma unutmayaq ki, “Şamaxı”nın da elitadakı yerini qorumalıyıq. Gələcək imkan verərsə, gənclərə daha çox şans verəcəyik”.

Seçilən
44
37
arena.az

10Mənbələr