Dünən Alyaskada ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında keçirilən çoxdan gözlənilən görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Görüşdən əsas gözlənti Ukraynada davam edən müharibəyə dair mümkün atəşkəs razılaşması idi.
Lakin diplomatik səylərə baxmayaraq, tərəflər arasında konkret bir razılıq əldə olunmadı. Atəşkəsin baş tutmaması Ukrayna rəhbərliyində narazılıqla qarşılanıb. Prezident Volodimir Zelenski görüşün nəticələrinə sərt reaksiya verərək, bu cür danışıqların Ukrayna olmadan aparılmasını “qəbuledilməz” adlandırıb və beynəlxalq ictimaiyyəti daha prinsipial mövqe tutmağa çağırıb. İndi isə diqqətlər növbəti addımlara və regional təhlükəsizlik risklərinə yönəlib.
Maraqlıdır görəsən, Alyaska görüşü tərəflər arasında münasibətlərin gələcək istiqaməti barədə hansı siqnalları verdi? Alyaska görüşünü yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olarmı, yoxsa mövcud gərginlik davam edəcək? Turkustan.az olaraq bu suallarımızı politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Alyaskada keçirilən görüş əslində Rusiya–ABŞ münasibətlərinin gələcəyi ilə bağlı mühüm siqnallar verdi. İlk baxışdan tərəflərin səmimi görünən dialoqu real maraqların toqquşmasını ört-basdır edə bilmədi. ABŞ açıq şəkildə göstərdi ki, Ukrayna məsələsində mövqeyindən geri çəkilməyəcək. Rusiya isə sanksiyaların yumşalması üçün müəyyən jestlər etsə də, strateji hədəflərindən vaz keçmək niyyətində deyil.
Görüşdəki ən diqqətçəkən məqam odur ki, Kreml konstruktiv görüntü yaratmaqla zaman qazanmaq istəyir. Vaşinqton isə Putini masa arxasında saxlamaqla onu beynəlxalq öhdəliklərə bağlamaq niyyətindədir. Tərəflər arasında yaxınlaşma görüntüsü olsa da, əslində rəqabət yeni mərhələyə keçir. Bu görüş daha çox psixoloji xarakter daşıdı, siyasi etimad mühiti formalaşdırmaqdan uzaq qaldı.
Moskvanın əsas istəyi sanksiyaların ləngidilməsi idi, lakin Tramp buna çox açıq və sərt cavab verdi. ABŞ prezidentinin “ikinci görüş olmayacaq” mesajı isə Kreml üçün bir xəbərdarlıq idi. Bu, onu göstərir ki, Amerika tərəfi hər addımı şərtlərlə bağlayır. Rusiya isə hələ də köhnə oyun qaydaları ilə davranmağa çalışır.
Alyaska danışıqlarını yeni mərhələnin başlanğıcı adlandırmaq hələ tezdir. Çünki real güzəştlər ortada yoxdur. Əksinə, tərəflər öz mövqelərini daha sərt şəkildə ortaya qoydular. ABŞ–Rusiya münasibətlərində strateji etimad böhranı davam edir. Bu böhran sadəcə ikitərəfli münasibətləri deyil, qlobal nizamı da təsir altına salır.
Beləliklə, Alyaska görüşü simvolik əhəmiyyət daşısa da, həlledici nəticə vermədi. Yeni mərhələnin başlanğıcı barədə danışmaq üçün konkret razılaşmalar lazımdır. Hazırkı vəziyyət isə daha çox vaxt udmaq və ictimai rəyi idarə etmək cəhdidir. Ona görə də yaxın dövrdə ABŞ–Rusiya münasibətlərində gərginliyin davam etməsi qaçılmaz görünür.
Aytən Yaşar/ Turkustan.az