AZ

"Ukraynaya atəşkəs yox, uzunmüddətli sülh lazımdır" - Tramp

"Alyaska sammitindən sonra Ağ Ev, Kreml və Avropa fərqli mövqelər sərgiləyir..."
 
ABŞ prezidenti Donald Tramp Alyaskada Vladimir Putinlə görüşündən sonra bəyan edib ki, Ukrayna ilə bağlı danışıqların məqsədi müvəqqəti atəşkəs yox, uzunmüddətli və qəti sülh olmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, avqustun 16-da səhər, görüşdən bir neçə saat sonra özünün "TruthSocial" şəbəkəsində paylaşıb.
 
O, Alyaskada "gözəl və çox uğurlu bir gün" keçirdiyini yazıb və "çox yaxşı" görüşdüyü Putindən əlavə, sammitin nəticələrinə dair Ukrayna prezidenti Vladimir Zelenski, Avropa liderləri və NATO baş katibi ilə də danışdığını bildirib.
 
"Müharibəni dayandıracaq yeganə yol sülh müqaviləsidir"
 
Tramp vurğulayıb ki, tərəflər arasında razılıq yaranıb: Rusiya ilə Ukrayna arasındakı dəhşətli müharibəni dayandırmağın ən düzgün yolu, sadəcə, atəşkəs razılaşması deyil, zamanın sınağından keçəcək həqiqi sülh müqaviləsidir. Onun sözlərinə görə, Zelenski artıq avqustun 18-də Ağ Evə gələcək və əgər hər şey plan üzrə getsə, sonrakı görüş üçün Putin də dəvət olunacaq. Tramp ümid edir ki, bu proses milyonlarla insanın həyatını xilas edə bilər.
 
"Danışıqlar mümkündür"
 
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev isə Alyaska görüşündən sonra yazıb ki, danışıqların aparılması "ön şərtlər olmadan və eyni zamanda hərbi əməliyyatların davamı ilə" mümkün olduğunu göstərib. Onun iddiasına görə, Tramp Putinlə ünsiyyətdən sonra "Rusiyaya təzyiqi artırmaqdan imtina edib". Medvedev əlavə edib ki, gələcək nəticələrə görə məsuliyyət "birbaşa Kiyevin və Avropanın üzərinə qoyulub".
 
Avropa və Ukrayna əvvəlcə atəşkəs tələb edir
 
Vaşinqton isə rəsmi açıqlamalarında bu yanaşmanı təsdiqləməyib. Tramp sadəcə Avropa dövlətlərinin də Ukraynanın təhlükəsizlik zəmanətlərində ABŞ-la yanaşı iştirak etməli olduğunu bildirib. Bununla yanaşı, həm Ukrayna, həm də Almaniya mövcud mövqelərində qalır: sülh danışıqlarına keçidin ilkin şərti atəşkəsdir.
 
Xatırladaq ki, 2025-ci ilin mayında Zelenski Moskvaya 30 günlük atəşkəs təklif edib, avqustun əvvəlində isə bir daha "əsas prioritet - qətllərin dayandırılmasıdır və ilk addımı Rusiya atmalıdır" deyib. Almaniya kansleri Fridrix Mers də avqustun 13-də onlayn formatda keçirilən danışıqlardan sonra bəyan edib ki, uzunmüddətli sülh üçün mütləq əvvəlcə atəşkəs əldə olunmalıdır.
 
Alyaska görüşü tərəflərin bir-birinə qarşı hələ də ziddiyyətli mövqelərdə dayandığını göstərib: Tramp qəti sülh müqaviləsinə üstünlük verir, Moskva həm müharibə, həm də danışıqları paralel aparmağın mümkünlüyünü vurğulayır, Kiyev və Berlin isə sülh yoluna yalnız atəşkəslə çıxış görür. Beləliklə, böyük güclərin yol ayrıcında olduğu aydın görünür.
Seçilən
43
50
moderator.az

10Mənbələr