Alyaskada liderlərin görüşü davam edərkən xarici KİV ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl verdiyi müsahibəni tirajlayır.
“Qafqazinfo” xəbər verir ki, “Fox News”a danışan Tramp müsahibəsində Putinlə görüşün yaxşı keçəcəyinə inandığını bildirib.
Görüş zamanı fikir ayrılığının yaranma ehtimalına toxunan Tramp, “İşlər yaxşı getməsə, tez evə gedəcəm. Oradan dərhal uzaqlaşacam” cavabını verib.
Ağ Ev rəhbəri bildirib ki, əgər ilk görüş uğurlu olarsa, o, iki lider arasında ikinci sammiti təşkil etmək üçün dərhal Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edəcək.
ABŞ lideri ilk görüşün ikinci görüşə hazırlıq olduğunu söyləyib. Bildirib ki, sammitin uğursuzluqla nəticələnməsi ehtimalı 25 faizdir.
Tramp Alyaska sammitində Rusiya-Ukrayna müharibəsinə son qoyacaq bir həll yolu tapmasa, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bir daha vurğulayıb.
O, hətta Rusiyanı atəşkəsdən imtina etsə, nəticələrinin ağır olacağı ilə hədələyib.
Bildirib ki, Rusiya Alyaska sammitində atəşkəslə razılaşmasa, ABŞ-nin ciddi nəticələri ilə üzləşəcək.
Ağ Ev rəhbəri atəşkəslə bağlı Putinin vədlərinə çox da güvənmədiyini də dilə gətirib.
“Mən Vladimir Putinlə bu söhbəti əvvəllər də etmişəm. Çox yaxşı söhbətlərimiz olub, amma evə gəlib eşidirdim ki, raket bir evə və ya binaya düşüb , insanlar küçələrdə ölüb” , -deyə Tramp bildirib.