Bəs belə sıxlıq qazonun yüklənməsinə gətirib çıxarmayacaqmı? Yoxsa maliyyə durumu zəif olan “Şamaxı” bu məsələyə pul qazanmaq vasitəsi kimi baxır? Bu sualı klubun idman direktoru Kamran İsmayılova ünvanladıq:
“Rəsmi şəkildə “İmişli”nin burda iki oyun keçirəcəyi açıqlanıb, sonra nə baş verəcəyini deyə bilmərəm. Düzdü, yalnız iki oyun keçirəcəklərinə əmin deyiləm. Bu klubların Şamaxıda oynaması bizə çox çətinlik yaradacaq. Şamaxı stadionunun ot örtüyü süni olsa da, ən yaxşılardam biridi. Qorxuram ki, bu yüklənmə ilə bizim stadion da digər stadionların gününə düşsün. “Karvan”la “İmişli”yə nə var ki, əşyalarını yığıb gedəcəklər başqa stadiona, biz stadionsuz qalacağıq. Burda tək üç komanda oynamayacaq axı. “Karvan” və “İmişli”dən fərqli bizə güzəşt olunmayıb. Bizim əvəzedici, U-19, U-17, U-16 və U-15 komandamız var. Hamısı ev oyunlarını burda keçirir. Hələ məşqlərimiz də var. Vaxt qrafiki baxımından çətinlik aşayırdıq. İndi daha da çətinləşəcək. Oyundan əvvəl məşqimiz zamanı hansısa komanda orda oynayacaq, məşq də alınmayacaq. Axşam məşq etmək olmur, işıqlandırma sistemi yoxdu. Günorta da istidə məşq etmək olmur. Ola bilər ki, bir-iki gün məşq etməyək. Maddi maraq? Nə “Karvan-Yevlax”, nə də “İmişli” stadiona görə “Şamaxı”ya bir qəpik ödəyir. Stadion AFFA-ya məxsusdu. Onlar da bu stadiona köçəndə bizə bir kəlmə deməyiblər. AFFA ilə razılaşıblar, müqavilə bağlayıblar. Bizə AFFA-dan dedilər ki, xəbəriniz olsun, “Karvan” da, “İmişli” də Şamaxıda oynayacaq. Heç kim bizdən razılıq almayıb ki, maddi kömək də etsin. Bu komandaların ev oyunlarını Şamaxıda keçirməsi bizə problemdən başqa heç nə gətirməyəcək”.
MÜZƏFFƏR QULUZADƏ