AZ

"Black Terra" - torpaqların dirçəlişi və yeni aqrar gələcəyə doğru atılan addımdır

Bu gün “CARCAS” - Xəzər Regionunun Aqrar Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə “AzChemCo” MMC və “AQRIBIOEKOTEX” MMC arasında əməkdaşlığın təməli qoyuldu. Bu partnyorluq nəticəsində “AzChemCo” özünün yeni - “Black Terra” brendinin təsis edilməsinə start verdi.

"Report" xəbər verir ki, torpaqların bərpası və zənginləşdirilməsi ideyasını təcəssüm etdirən bu brend, üzvi materiallar, faydalı bakteriyalar, biohumus və torf vasitəsilə əkin üçün yararsız torpaqları yüksək kateqoriyalı münbit torpaq səviyyəsinədək çatdıracaq. Hər iki şirkətin “know how” texnologiyalarından istifadə etməklə, Azərbaycan və dünya bazarlarına yeni məhsullar təqdim olunacaq.

Mikrobioloji preparatlar və təbii maddələrdən istifadə ediləcək istehsalat sahəsinin açılış mərasimində “CARCAS” Mərkəzinin Müşahidə Şurasının sədri Rifat Sultan-zadə, “AQRIBIOEKOTEX” MMC-nin direktoru Elmar Əlizadə, “AzChemCo” MMC-nin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi, dosent Azad Kərimov, “AzChemCo” MMC-nin biznesin inkişafı departamentinin rəhbəri Ülvi Bədəlov, “AzChemCo” MMC-nin istehsalat müəssisəsinin rəhbəri Vuqar İbrahimov və digər təşkilatların nümayəndələri iştirak etdilər. Torpağın rəmzi hazırlanması prosesində iştirak edən qonaqlar media nümayəndələri ilə təəssüratlarını bölüşdülər.

Rifat Sultan-zadə: “Uzun illərdir unikal gübrələrin istehsalı ilə məşğul olan “AzChemCo” torpaqların bərpası sahəsində dəyərli təcrübəyə malikdir. Sevindirici haldır ki, fəlsəfəmizi bölüşən şirkətlərdən biri “AQRIBIOEKOTEX” MMC-dir. Texnologiyalarımızı birləşdirərək, torpaqların qorunması və bərpası ideyamızı həyata keçirəcəyik. Bu gün bütün dünyada ən prioritet məsələlərdən biri münbit torpaqların və su ehtiyatlarının qorunması və səmərəli istifadəsidir. Bilirsiniz ki, Abşeron yarımadasında münbit torpaqlara ciddi ehtiyac vardır. “CARCAS” Mərkəzinin dəstəyi ilə yaradılan bu əməkdaşlıq böyük perspektivə malikdir. Biz, “CARCAS” olaraq, bu layihənin reallaşması üçün hərtərəfli dəstək göstərməyə hazırıq. Bu lahiyə strateji təhlükəsizlik məsələsinə aiddir. Bu səbəbdən platformamızın əməkdaşlıq, dəstək, təcrübə və bilik mübadiləsi üçün peşəkarların seçdiyi məkana çevrilməsi bizi sevindirir”.

Elmar Əlizadə: “Mikrobioloji preparatlar ekoloji cəhətdən təmiz məhsuldur. Bitkiçilikdə yüksək nəticələr əldə edən şirkətimiz həmçinin biohumus istehsalı üçün qabaqcıl biotexnoloji vasitələr istehsal edir. Faydalı bakteriyalar torpaq və bitkilər üçün ən yüksək nəticələri göstərir. Bu gün “Black Terra” brendinin əsası qoyulur və bu cür faydalı və texnoloji cəhətdən qabaqcıl Azərbaycan brendinin yaranması bizi sevindirir. Münbit, canlı, faydalı, bitkilər üçün lazım olan bütün maddələrlə zəngin torpaq hər kəsə lazımdır. Əmək, istək və təcrübəmizi birləşdirərək, bu sahədə əməkdaşlıq edəcəyik”.

Azad Kərimov: “Abşeron yarımadasında mexaniki tərkibi müxtəlif olan boz-qonur torpaqlar — qumlu torpaqlardan ağır gillicəyə qədər üstünlük təşkil edir. Ümumilikdə, yarımadanın torpaqları ölkəmizdə makro, mikroelementlər və humus baxımından ən məhrum olan torpaqlardandır ki, bu da münbitliyin aşağı olmasına gətirir. Münbit torpaq qatının başqa yerlərdən Abşeron yarımadasına gətirilməsi də praktiki deyil, çünki bu, torpağın götürüldüyü ərazilərə ziyan vurulur və ekosistemin ekoloji tarazlığı pozulur. Torpaq örtüyü vətənimizin sərvətidir və onun toplanması, daşınması bu fəaliyyətin səmərəliyinə dair suallar yaradır. Yarımadanın öz torpaqlarını zənginləşdirmək lazımdır. Bu ideyanı münbitliyi aşağı olan digər bölgələrə, hətta digər ölkələrə də tətbiq edək. Dünyanın bir çox ölkələrində torpağın zənginləşdirilməsi vasitələri və münbit torpaq ən çox tələb olunan məhsullar siyahısındadır. Yaxın vaxtlarda münbit torpaq axtaran müştərilərimizə hazır və kompleks həllər təqdim edəcəyik. Bundan əlavə, “AzChemCo” və “AQRIBIOEKOTEX” yerli və dünya bazarına peşəkarlar və yaşıl hobbi həvəskarları üçün əlverişli, yüksək nəticə verən, ən qabaqcıl və təhlükəsiz texnologiyalarla hazırlanmış məhsullar təqdim edəcək. “Black Terra” dekorativ bağçılıq üçün də çox maraqlı olacaq. Kiçik dibçəklərdən tutmuş böyük sahələrdə “Black Terra” öz unikallığını nümayiş edəcək”.

Ülvi Bədəlov: “Dəstəyə görə “CARCAS” Mərkəzinə təşəkkür edirik. “AQRIBIOEKOTEX” kimi tərəfdaşla əməkdaşlıq bizi sevindirir. Bu gündən etibarən texniki və istehsalat məsələlərinin həllinə başlayırıq. “Black Terra” münbit torpaq çatışmazlığının həllinə kompleks, yüksək texnoloji və eyni zamanda əlçatan yanaşmanı nəzərdə tutur. Əminəm ki, yaxın vaxtlarda yeni məhsul xəttimiz bazara çıxanda müştərilərimiz təqdim etdiyimiz həllərin keyfiyyətinə şahid olacaqlar. Biz aparıcı mütəxəssislərlə əməkdaşlıq edirik və daim çoxsaylı sınaqlar keçirir, yeni texnologiyalar tətbiq edirik. Strateji məqsədimiz “Black Terra”nı qlobal brendə çevirməkdir”.

Seçilən
2
1
report.az

2Mənbələr