ain.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 15 avqust, AZƏRTAC
BMT-nin plastik tullantılara qarşı qlobal sazişi üzrə Cenevrədə aparılan danışıqlar nəticəsiz yekunlaşıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, 180 ölkənin nümayəndələri üç il davam edən müzakirələrdən sonra yekun həftədə razılaşdırılmış mətn üzərində anlaşa bilməyiblər. Konfransın rəhbərliyinin təqdim etdiyi layihə demək olar ki, bütün nümayəndələr tərəfindən rədd edilib. Ən iddialı hədəflərin sənəddən çıxarılması ciddi narazılığa səbəb olub.
Yüzdən çox ölkəni birləşdirən “High Ambition Coalition” koalisiyası plastik istehsalının məhdudlaşdırılmasını, birdəfəlik plastik məmulatların qadağan olunmasını, təkrar istifadəyə və dövri iqtisadiyyata keçidi tələb edir. Avripa İttifaqı ölkələri, Cənubi Amerika, Afrika və Asiyanın bir sıra dövlətləri eyni mövqe nümayiş etdirir. Səudiyyə Ərəbistanı, İran, Rusiya isə tullantıların idarəolunmasının yaxşılaşdırılmasını müdafiə edir.
Ötən ilin dekabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən və saziş üzrə son raund olması planlaşdırılan görüş də nəticəsiz qalmışdı. Plastik tullantılar okeanları, çayları və ekosistemləri çirkləndirir, canlıları məhv edir və insan sağlamlığına zərər vurur. Tədqiqatlara görə, mikro və nanoplastik hissəciklər immun sisteminə ziyan vurur, damar divarlarında yığıla bilər və iltihab proseslərini gücləndirir.
Dünyada plastik istehsalı 1970-2020-ci illərdəki dövrdə yeddi dəfə artaraq illik 367 milyon tona çatıb. Lazımi tədbirlər görülməsə, bu rəqəm 2050-ci ilədək 600 milyon tona çata bilər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.