Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət yükün növbəti hissəsi avqustun 15-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
AZƏRTAC xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların növbəti hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Yardımın ümumi dəyəri 2 milyon ABŞ dollarıdır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.