Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 15 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov avqustun 15-də Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində Tovuz, Qazax, Ağstafa və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdən öncə Zaur Mikayılov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, yeni subartezian quyuların qazılması, təmiri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.