Gəncədə qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların işarələnməsi və nişanlanması işlərinin aparılmasında məqsəd şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq sahələrinin sağlamlaşdırılmasıdır.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
Onun sözlərinə görə, məqsəd eyni zamanda Gəncəni daha yaşıllıqla zəngin, baxımlı və estetik şəhərə çevirmək, yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq və yaşıllıqları mühafizə etməkdir.
M.Qənbərov həmçinin qeyd edib ki, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından bu cür planlı işlər olduqca əhəmiyyətlidir:
"Bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq. Bununla da ictimaiyyət məlumatları daha asan əldə edə biləcək".