Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan Şahmat Turu” çərçivəsində ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı təşkil olunacaq.
Yüksək səviyyədə təşkil olunacaq turnirin ümumi mükafat fondu 41.200 manat (təxminən 24.235 ABŞ dolları) təşkil edir. Yarış ənənəvi olaraq A və B qruplarında keçiriləcək. A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək beynəlxalq reytinqə sahib və reytinqsiz şahmatçılar iştirak edə biləcəklər.
Festival çərçivəsində rapid (sürətli) və blits (çox sürətli) şahmat turnirlərinin də təşkili nəzərdə tutulur. Bu kateqoriyalarda reytinq məhdudiyyəti tətbiq olunmur.
Qeyd edək ki, “Ganja Open” “Azərbaycan Şahmat Turu” layihəsi çərçivəsində keçirilən sayca 7-ci beynəlxalq açıq turnirdir. Mükafat fonduna görə bu yarış “Baku Open”dən sonra ölkədə ikinci ən böyük şahmat tədbiri olacaq.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri