AZ

Reklamlarla bağlı XOŞAGƏLMƏZ VƏZİYYƏT – Qanunsuz reklamlar ən çox bu SAHƏLƏRDƏDİR

Bu ilin yanvar-iyun aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 80 müraciətə baxıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.

Baxılan müraciətlərin 37-si xidmət, 15-i ticarət, 8-i qeyri-qida, 4-ü ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i qida, 1-i tütün məmulatları sahələri, 12-si isə digər sahələrə aid olub.

Qanunsuz reklamların geniş yayılması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan reklam eksperti Cahid Həsənov deyir ki, hər 4
reklamdan birinin qanunsuz yayımlanması arzuolunmaz haldır:

“Hələ onu demirik ki, bu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə edilən müraciətlərdən çıxarılan rəqəmdir. Deməli reallıqda bu qanunsuzluqların həcmi daha böyükdür. Bu da ondan irəli gəlir ki, ölkəmizdə reklam bazarına nəzarət lazımı səviyyədə deyil.

Hazırda ancaq açıq hava məkanlarındakı reklamlara Dövlət Reklam Agentliyi nəzarət edir.

Teleradiolarda, metroda və digər nəqliyyat vasitələrindəki reklamlara isə heç bir nəzarət yoxdur. Nəzarətsizlikdən də qanunsuzluq doğur. Dövlət Agentliyi şikayətləri təsnifatlaşdırmadığı üçün hansı sahədə daha çox qanunsuzluqların olduğunu demək çətindir. Bununla belə vəziyyətin bu qədər pis olması narahatlıq doğurur”.

Müsahibimiz qeyd edib ki, qanunsuz reklam ilk növbədə ciddi maliyyə pozuntusudur:

“Dövlət büdcəsi bunun hesabına xeyli vəsait itirir. Üstəlik qanunsuz reklam məsuliyyətsizlik mühiti yaradır. Belə mühitdə isə reklamın dilinə, məzmununa və onun cəmiyyətə ötürdüyü mesaja heç kim fikir vermir. Yaxşı olardı ki, bütün sahələrdə reklama nəzarət edə biləcək bir qurum yaradılsın. O zaman da belə qanunsuzluqların miqyası kəskin şəkildə kiçilər”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
66
33
bizim.media

10Mənbələr