AZ

CNN: İsrail Qəzza sakinlərini köçürmək üçün beş ölkə ilə danışıqlar aparır

İsrail əhəmiyyətli təzminat müqabilində Qəzza sakinlərinin mümkün köçürülməsi barədə beş ölkənin səlahiyyətliləri ilə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

“Danışıqlarda Cənubi Sudan, Somaliland Respublikası (tanınmayan – Qeyd), Efiopiya, Liviya və İndoneziya iştirak edir”, - telekanalın mənbəsi bildirib.

İsrail rəsmisi qeyd edib ki, iki milyondan çox Qəzza əhalisinin bir hissəsini qəbul etmək müqabilində bu ölkələr “əsaslı maliyyə və beynəlxalq təzminat” almağa can atırlar.

“CNN” bildirib ki, hazırda bu danışıqların hansı mərhələdə olduğu və hansısa nəticəyə gətirib çıxaracağı bəlli deyil.

Bundan əvvəl “Financial Times” qəzeti yazıb ki, “Boston Consulting Group” konsaltinq şirkətinin əməkdaşları fələstinlilərin Qəzza zolağından Somali və Somalilendə köçürülməsi üçün model hazırlayıblar. Nəşr bildirib ki, potensial köçürmə istiqamətləri israilli iş adamlarının xahişi ilə hazırlanıb. Sənəddə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan Somaliland, Somali və həmçinin BƏƏ, Misir və İordaniyanın adı çəkilir.

Fevral ayında ABŞ prezidenti Donald Tramp fələstinlilərin qonşu ölkələrə köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlamışdı. Amerika lideri söz verib ki, ABŞ regionun bərpasına və iş yerlərinin yaradılmasına cavabdeh olacaq.
Seçilən
0
1
sherg.az

2Mənbələr