AZ

Bu adamları qınayanda, bir də dönüb özümüzə baxaq...

"Zirə" Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Hayduk"la Bakıda bərabərə razılaşdı - 1:1.

Görüşdə ən çox müzakirə olunan məsələlərdən biri də "qartallar"ın yetəri qədər azarkeş dəstəyi görməməsi oldu.

200 nəfərlik qonaq azarkeşlər təmsilçimizə səfər havası yaşatdı.

Buna görə yerli futbolsevərləri qınayanlar da az olmadı.

Həqiqətənmi "Neftçi Arena"da tribunaların boş olması təkcə azarkeşlərin günahıdır?

Mənə görə əsla.

Əgər azərbaycanlı azarkeşlər etinasız münasibət göstərsəydi, eyni hal "Sabah"ın da görüşündə yaşanardı.

"Tələblər"i də Bakı təmsilçisi saya bilərik.

Amma bu klubun matçlarında azarkeş problemi yaşanmır.

"Çelye" ilə görüşdə olduğu kimi, "Petrokub"la matçda da "Bank Respublika Arena" demək olar dolu idi.

Nəzərə alaq ki, "Zirə" kimi "Sabah"ın da böyük ənənəsi yoxdur.

Əksinə bu klub lap cavandı.

Fərq bilirsiniz nədədir?

"Sabah"ın zamanında doğru qərar verməsindədir.

Masazırda olan hazır arenaya köç etdilər, sahib çıxdılar. Çempionat matçlarında olduğu kimi, avrokuboklarda da rəqiblərini burada qəbul edirlər. Tədricən yerli sakinlərlər bir ənənə, bağ yaradırlar.

Bir də marketinq işini qeyd etməmək olmaz.

"Sabah"ın bu işlərə cavabdeh komandası Masazıra qonşu olan qəsəbə və kəndlərdə daim təşviqat işləri aparır.

Müxtəlif yollarla azarkeşlərin stadiona ayaq açmasına cəhdlər edir.

Oyunun gedişində fan zona aktiv fəaliyyət göstərir.

Bu da xoş nəticəsi.

"Zirə" isə hələ avrokuboklarda ev oyunlarını öz meydanında keçirməyə hazır deyil.

Avropa arenasında qruplara qalmağı, böyüməyi hədəfləyən klub rəqibinin meydanına möhtacdır.

Arxada qalan 10 ildə Zirədə hansı ənənə formalaşdırılıb, klub olmaq yolunda nələr edilib? Hər şey ortada.

Məncə, azarkeşləri qınayanda bir də dönüb özümüzə baxsaq pis olmaz.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
5
sportinfo.az

1Mənbələr