AZ

“Reabilitasiya mərkəzlərinin sayı və imkanları kifayət deyil” - EKSPERT ŞƏRHİ

Narkomaniya bütün dünyada olduğu kimi, Azərbaycanda da aktual məsələlərdən biridir.

Onunla mübarizədə profilaktika, müalicə və reabilitasiya tədbirlərinin düzgün qurulması vacib rol oynayır.

Reabilitasiya mərkəzləri isə bu prosesin əsasını təşkil edir.

Bəs mövcud imkanlar bu problemin qarşısını almağa nə dərəcədə kömək edir?

Regional Sosial Təşəbbüslərə Dəstəİctimai Birliyinin sədri, ekspert Emil Maqalov mövzunu  Gununsesi.info-ya belə şərh edib:

“Mən bu sahədə fəaliyyət göstərən biri kimi deyə bilərəm ki, müalicəyə ehtiyacı olan çoxlu sayda insan olsa da, reabilitasiya mərkəzlərinin sayı və imkanları kifayət deyil. Vətəndaşlar narkotikdən xilas olmaq üçün müalicəyə yönləndirilsə də, çox zaman mərkəzlərdə boş yer olmur. Ən böyük problemlərdən biri isə insanların maddi imkanlarının belə mərkəzlərdən istifadə etməyə çatmamasıdır.

Məsələ ondadır ki, bu istiqamətdə fəaliyyət göstərən qaynar xətlər, məsələn, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 802 qaynar xətti, birbaşa müalicə xidməti göstərə bilmir. Buraya müraciət edən insanlar kömək istəsələr də, əsas məqsəd onları müvafiq müalicə mərkəzinə yönləndirməkdir. Lakin yer olmadığı halda proses dalana dirənir. Ona görə ilk növbədə müalicə və reabilitasiya mərkəzlərinin sayı artırılmalı və onların yaxşı maliyyələşdirilməsi təmin edilməlidir.

Mənim praktikamda belə hallar olub ki, iki dəfə uğursuz müalicə görmüş şəxsləri yenidən qəbul etmişəm. Çünki bəziləri sadəcə istifadə məqsədilə müalicədən çıxmaq istəyə bilər”.

Ekspertin sözlərinə görə, bu səbəbdən müəyyən şərtlər tətbiq olunmalı və sistemdən sui-istifadənin qarşısı alınmalıdır:

“Lazımi maliyyə itkisini isə düzgün idarəetmə ilə minimuma endirmək olar. Bu məsələ yalnız müalicə və reabilitasiya mərkəzlərinin açılması ilə real həllini tapa bilər.

Əminəm ki, bu metod tədbiq olunarsa, problemin 50%-nin qarşısı alınacaq. Xarici təcrübə də bunu təsdiqləyir — sərtləşdirmə təkbaşına effekt vermir. Məsələn, Kubada ölüm hökmü mövcud olsa da, narkotik istifadəsi hələ də yüksək səviyyədədir.

Problemin həlli kompleks yanaşma tələb edir. Məktəblərdə erkən maarifləndirmə işləri aparılmalı, QHT-lərin fəaliyyəti düzgün tənzimlənməli, donor vəsaitləri məqsədli istifadə olunmalıdır. Dövlət isə bu prosesdə mühüm rol oynamalı, mərkəzlərin xərclərinin təxminən 50%-ni qarşılamaqla həm sistemin dayanıqlığını, həm də insanların müalicəyə çıxışını təmin etməlidir”.

Şəbnəm Rəhimova


Seçilən
17
1
azia.az

2Mənbələr