AZ

“Pul köçürmələrinə məhdudiyyət Rusiya iqtisadiyyatına zərbə vuracaq” -DEPUTAT ŞƏRH ETDİ

Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara pul köçürmələri ilə bağlı ciddi məhdudiyyətlərin tətbiqi müzakirə olunur.

Təklifə görə, miqrantların rəsmi gəlirlərindən artıq məbləğdə vəsaiti xaricə – xüsusilə də öz ölkələrinə göndərmələrinin qarşısı alınmalıdır.

Bu məsələ həm iqtisadi, həm də siyasi müstəvidə müzakirələrə səbəb olub. Bəs bu qərarın qəbul olunması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, Rusiyada miqrantların, o cümlədən azərbaycanlıların pul köçürmələrinə məhdudiyyət qoyulması ilə bağlı səslənən təkliflər iqtisadi arqumentlərlə izah oluna bilməz:

“Bu, siyasi rıçaq kimi nəzərdə tutula biləcək təşəbbüslərdir və gerçəkliyə çevriləcəyi ehtimalı çox azdır. Məlumdur ki, Rusiya bank sektoru Qərbin sanksiyaları altında ağır təcrid şəraitindədir və onun beynəlxalq tərəfdaşları əsasən məhdud dairədə, MDB məkanında qalıb. Belə şəraitdə miqrantların pul köçürmələrinə məhdudiyyət tətbiqi, əslində, Moskvanın özünün mövcud maliyyə kanallarını daraltmaq deməkdir.

Əgər məqsəd, bəzilərinin iddia etdiyi kimi “gölgə iqtisadiyyatı ilə mübarizə”dirsə, bunun üçün şəffaflıq və vergi inzibatçılığının gücləndirilməsi kifayətdir. Amma əgər məqsəd miqrantlar vasitəsilə müəyyən ölkələrə geosiyasi mesaj göndərməkdirsə, bu, həm həmin ölkələrlə münasibətlərdə gərginliyi artıra, həm də Rusiyanın özünün iqtisadi maraqlarına zərbə vura bilər.

Çünki köçürmələrin əhəmiyyətli hissəsi rəsmi bank kanallarından həyata keçirilir və bu, Rusiya banklarının azalan beynəlxalq əməliyyat həcmlərini qismən kompensasiya edir”.

 

Deputatın sözlərinə görə, belə bir addım atılacağı təqdirdə pul köçürmələri sadəcə kölgə bazara keçəcək, nəticədə Rusiya həm maliyyə nəzarətini, həm də bu sahədən əldə etdiyi gəliri itirəcək:

“Nəticədə, məhdudiyyətlər iqtisadi səmərə gətirməyəcək, əksinə, ölkənin sanksiyalarla daha da təcrid olunmuş maliyyə sistemini zəiflədəcək.

Əslində bu, sanksiyalarla onsuz da daralan iqtisadi nəfəs borusunu bir az da sıxmaqdan başqa bir şey deyil. Bu siyasət özünə qarşı tətbiq edilən “özünü sanksiyalaşdırma” strategiyasına bənzəyir.

Nəticədə, zərbəni miqrantlardan daha çox Rusiya iqtisadiyyatı alacaq. Bu baxımdan, bir daha qeyd edirəm ki, belə bir qərarın qəbul edilməsi ehtimalı çox azdır”.

 

 

Şəbnəm Rəhimova


Seçilən
14
1
azia.az

2Mənbələr