AZ

Milli məsələnin qələm cəbhəsi...

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bizim sözümüz haqqın sözüdür”

Bir vaxtlar qələm əhli üçün şüar hesab edilən bu cümlənin yükü ağırlaşıb. Çünki informasiya savaşlarının odlu silahlardan daha təsirli olduğu bir dövrdə milli məsələlərin doğru və dolğun təqdimatı yalnız peşəkar medianın məsuliyyəti deyil, həm də varlıq səbəbidir.

Gəlin, fikirlərimizi əsaslandırmazdan öncə “milli məsələ” terminin nə olduğunu aydınlaşdıraq. “Milli məsələ” ifadəsi tarixən romantik duyğularla və emosional coşğuyla yanaşı xatırlanır. Vətən, torpaq, şəhid, suverenlik... 

Ancaq bu termini sadəcə “romantik hiss”lərlə eyniləşdirməklə onun mənasını dayazlaşdırıb, yükünü yüngüllüşdirə bilərik. 

Milli məsələ bir xalqın mövcudluğu, təhlükəsizliyi, kimliyi və gələcəyi ilə bağlı olan, strateji dəyər daşıyan bütün mövzuların toplusudur. Burada sadəcə coğrafi ərazi nəzərdə tutulmur. Milli məsələ həm də təhlükəsizlikdir, beynəlxalq münasibətlərdə haqlı mövqeyin müdafiəsidir, iqtisadi müstəqillikdir, daha müasir terminlərlə desək informasiya təhlükəsizliyidir. 

Tarix sübut edir ki, millətləri yalnız coğrafiya və qan birliyi deyil, ortaq düşüncə, mənəvi kodlar və ideoloji dayaq birləşdirir. Bu ideoloji dayaqlar isə havadan yaranmır, onlar ictimai şüurda tədricən formalaşır. Bu prosesin əsas mühərriki isə peşəkar mediadır.

Peşəkar media milli məsələdə həm doğrunun bələdçisi, həm də çağırışların sipəri rolunu oynayır. İstənilən bir mövzunu işıqlandıran media orqanı, əslində, cəmiyyətin düşüncə sərhədlərini müəyyənləşdirir. Bu səbəbdən milli məsələlərdəki hər kəlmə, hər sətirə sadəcə informasiya kimi yanaşmaq doğru deyil, jurnalist burada ideoloji vəzifə, tarixi mövqe və ictimai məsuliyyət daşıyır.

Milli qəhrəmanlıq nümunələrinin, dövlətçilik ənənələrinin, dili və adət-ənənəni yaşadan simvolların qorunması, gündəmdə qalması mediaya bağlıdır. Türkiyədə “TRT Belgesel” və ya “Anadolu Ajansı” kimi qurumlar təkcə xəbər agentlikləri deyil, ideoloji funksiyanın daşıyıcılarıdır. Qərbdə BBC, CNN, “Fox” kimi kanallar məxsus olduqları xalqın, dövlətin dəyərlərini təbliğ edir.

Azərbaycanın milli mediası nisbətən gənc hesab edilsə də, bu sahədə ciddi irəliləyiş əldə edilib. 44 günlük Vətən müharibəsi jurnalistlər üçün milli məsələnin başa düşülməsindən mühüm rol oynayıb. Həmin günlərdə hər bir jurnalist informasiya savaşının əsgəri idi. İnformasiya cəbhəsində “fake news”lar, manipulyasiyalar, hücumlar adi hal halmışdı. Peşəkar jurnalist hərbi geyimdə olmasa da, təhlükənin içində idi. Kamera silah, mikrofon mövqe idi. Xatırlayın, Ermənistan ordusu mülki əhalimizi hədəf alanda dünya susdu. Amma peşəkar medianın lentə aldığı hər bir kadr bu susqunluğa qarşı atılmış güllə idi.

Deməli, millət üçün savaş təkcə silahda deyil, sözdə də olur. Və sözün gücü sözə sahib olanların vicdanından gəlir.

Dünya informasiya savaşlarında necə “silah”lanıb?

İsrailin milli məsələlərdə informasiya siyasəti “Hasbara” adlanan konsepsiya ilə sistemləşdirilib. Bu modelin əsas məqsədi İsrailin dünyada imicini formalaşdırmaq, münaqişələrlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və milli maraqları müdafiə etməkdir. Bunun üçün dövlət dəstəyi ilə bir neçə dildə yayımlanan i24NEWS, “The Jerusalem Post”, “Times of Israel” kimi media qurumları xarici auditoriyaya yönəlmiş xüsusi kontent istehsal edir. Sosial media komandaları, beynəlxalq PR kampaniyaları, diplomatik kanallarla əlaqəli brifinqlər kimi alətlər peşəkar informasiya idarəçiliyinin tərkib hissəsidir. Bu yanaşma göstərir ki, media yalnız içəridə deyil, dünyanın informasiya şüurunda da milli məsələni təmsil etməlidir.

Estoniya, Latviya və Litva kimi Baltik ölkələri Sovet işğalından sonra informasiya təhlükəsizliyini milli təhlükəsizlik səviyyəsində dəyərləndirməyə başladılar. Onlar rusiyayönlü dezinformasiyaya qarşı “StratCom” mərkəzləri, müstəqil fakt yoxlama platformaları və media maarifləndirilməsi proqramları yaratdılar. Məsələn, Estoniyada “Propastop” adlı müstəqil bloq Rusiyanın təsir kampaniyalarını təhlil edir və ifşa edir. Litva isə məktəb dərsliklərində informasiya müharibəsinə qarşı düşüncə bacarıqlarını formalaşdıran bölmələr yerləşdirib. 

Peşəkar medianın əsas üç silahı

Milli məsələlərdə peşəkar medianın rolu təkcə xəbəri çatdırmaq deyil, həm də onu doğru kontekstdə, doğru dildə və dərin təhlillə təqdim etməkdir. Bu funksiyanı yerinə yetirmək üçün medianın əlində üç əsas “silah” var: fakt, dil və analitika. Hər biri milli mövqeyin möhkəmlənməsində strateji əhəmiyyət daşıyır.

Peşəkar media faktı manipulyasiya etmədən, milli maraqları nəzərə alaraq təqdim etməlidir. Bu, medianı informasiya məkanında etibarlı və güvənilən bir aktora çevirir.

Milli məsələlərdə dil mövqe ifadəsidir. Jurnalistin seçdiyi hər bi söz, termin xəbərin mahiyyətini dəyişə bilər. Bundan əlavə, ana dilində medianın güclənməsi də milli məsələlərlə birbaşa bağlıdır. Əgər cəmiyyət öz xəbərlərini yad dildə almağa məcburdursa, bu, informasiya suverenliyinin itirilməsi deməkdir. 

Peşəkar medianın dəyəri bir hadisəni ilk verən olmaqla yox, onu doğru izah edən olmaqla ölçülür. Milli məsələlər sadəcə bir olayın xəbəri ilə bitmir; onun tarixi kökləri, beynəlxalq hüquqi statusu, geosiyasi təsirləri və gələcək proqnozları da izah olunmalıdır. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı medianın vəzifəsi təkcə “dəhliz açılacaq ya yox” sualına cavab vermək deyil. Medianın vəzifəsi budur ki, məsələn dəhlizin açılması Azərbaycanın tranzit mövqeyinə necə təsir edəcək?, İran və Rusiya bu məsələyə niyə reaksiya verir?, Ermənistanda bu dəhliz ətrafında hansı daxili siyasi dinamika yaranıb?

Gələcək nəsillər üçün milli informasiya immuniteti

Milli məsələdə ən vacib vəzifə sabahın düşüncə modelini formalaşdırmaqdır. Bu isə məktəblərdə, universitetlərdə informasiya savadlılığı ilə yanaşı, “milli informasiya immuniteti” anlayışını yaratmağı tələb edir.

Peşəkar media təhsil sisteminə inteqrasiya edilməlidir. Bu gün hansı məktəbdə şagirdlərə xəbər mənbələrinin etibarlılığı, dezinformasiyanın təhlükəsi, tarixi informasiyanın düzgün interpretasiyası öyrədilir?

Əks halda, sosial şəbəkə alqoritmlərinin yönləndirdiyi və təsadüfi bloqerlərin şərhləri ilə formalaşan gənc beyinlər gələcəkdə milli məsələlərə ya laqeyd qalacaq, ya da yanlış tərəfə meyl edəcək. 

Dünən qəzetlər idi, bu gün saytlar, sabah isə ağıllı alqoritmlər. Media dəyişir, amma milli məsuliyyət dəyişməməlidir. Süni intellekt, çatbotlar, avtomatlaşdırılmış xəbər lentləri informasiya istehsalını sürətləndirib, amma keyfiyyətli və məsuliyyətli məzmun yenə də peşəkar jurnalistin vicdanında formalaşır. Azərbaycan mediasının da bu sahədə yenilənməsi qaçılmazdır. 

Bəzən milli məsələlərdə həqiqəti demək asan olmur. Təzyiqlər, ictimai gözləntilər, emosional reaksiyalar və dövlətin informasiya siyasəti arasında medianın rolu həssas balans tələb edir. Burada əsas məsələ “millətçiliklə təbliğat arasındakı sərhədi” keçməməkdir. Peşəkar media emosiya doğura bilər, amma emosiya ilə manipulyasiya etməməlidir. Milli məsələni şişirtmək də təhlükəlidir, şişirtməmək də…

Nəticə etibarilə, peşəkar media danışan millətin dilidir. Milli məsələlər tarixdə qalmış hadisələr deyil. Milli məsələ bu gün yaşayır və sabah üçün formalaşdırılır. Peşəkar media isə bu tarixi yazan deyil, yaşayan məkandır. Media bizi birləşdirən, düşünməyə vadar edən və doğruya yönəldən informasiya mayakı olmağa davam etməlidir.

Turqay Musayev

Yazı “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə təqdim olunur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
modern.az

1Mənbələr