"Təmtəraqlı ad günü keçirməyi heç vaxt sevməmişəm. Məktəb vaxtlarımdan beləyəm. Bunu mənim ətrafımda olan hər kəs bilir. Bu dəfəki ad günümü ümumiyyətlə qeyd etmirəm. Heç tort da kəsmədim, evdə yemək də hazırlanmadı. Çünki ustadım, görkəmli sənətkar Arif Babayev rəhmətə gedib. Onun yoxluğunu hələ də dərk etmirəm. Bizim münasibətimiz müəllim-tələbə münasibəti deyildi. Biz qohum olmuşuq, Ağdamda Arif müəllimgillə qonşu olmuşuq. Arif müəllimin həyatdan getməsi şəxsən mənim üçün böyük itkidir. Onun yeri heç vaxt dolmayacaq. Biz tez-tez də görüşməsək vaxtaşırı əlaqə saxlayırdıq. Hərdən zəng edib deyirdi ki, Aygün, niyə efirə çıxmırsan?. Arada da zarafataca mənə deyirdi ki, efirlərə çıxmasan səni məhkəməyə verəcəm. Arif müəllim duzlu, məzəli, böyük bir şəxsiyyət idi. Nə qədər söz desəm də mən Arif müəllimin böyüklüyünü ifadə edə bilmərəm".
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Aygün Bayramova deyib. Xalq artisti efirlərə çıxmamağının səbəblərindən də danışıb:

"İnstaqramda nəsə paylaşan kimi yazırlar ki, tez-tez paylaşın, sizdən, səsinizdən ötrü darıxmışıq. Həqiqətən də bu tipli mesajlar çox alıram. Mən il ərzində 4-5 verilişə çıxıram. Dövlət tədbirlərində çıxışlarım olur. Bilirsiniz ki, sonuncu dəfə Ağdamda Muğam Mərkəzinin açılışı oldu. Çox istərdik ki, Arif müəllim də orada olsun. Əfsuslar olsun ki, səhhəti ilə əlaqədar gedə bilmədi. Sonra Heydər Əliyev mükafatı ilə təltif olundu. O da çox ali bir mükafatdır. Bir də efirdə tez-tez görünmək göstərici deyil. Mən həmişə belə olmuşam. Bu günlərdə Beynəlxalq Muğam Festivalında ustad sənətkarların konserti oldu. Mən də orada Bayatı şiraz muğamını ifa etdim. Çox gözəl təşkil etmişdilər. Muğamı sevən insanlar o konsertə gəlmişdilər. İnanın ki, tamaşaçı yorulmadı, durub zalı tərk etmədi. Bizim muğamımızın möhtəşəmliyi budur", - deyə sənətkar bildirib.
