AZ

Küçədə azyaşlı uşaqların atalarını döyən sərxoş kişi məhkəmə zalından həbs edildi

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elvar Əsədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 il 10 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalında həbsə alınıb.


İttihama görə, hadisə 02 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya Mərdəkan” adlanan ərazidə yerləşən avtobus dayanacağındakı “Zəfəran" aptekin yanında qeydə alınıb.


Belə ki, Elvar Əsədov əynindəki paltarları yarı açıq vəziyyətdə, sərxoş halda sözügedən ərazidəki küçədən keçən istintaqla şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayan kişi cinsli şəxsin arxasınca dayanacaqdakı şəxslərin gözü qarşısında uca səslə söyüşlər söyüb. Bunu görən, azyaşlı uşaqları ilə birlikdə orada piyada hərəkətdə olan zərərçəkmiş Qabil Əkbərov ictimai borcunu yerinə yetirib təqsirləndirilən şəxsi intizama dəvət edərək haqlı iradını bildirib. Lakin buna məhəl qoymayan Elvar heç bir əsaslı səbəb olmadan Qabil ilə mübahisə edib, sonra zərərçəkmiş şəxs tərəfə sürətlə gələrək ona müqavimət göstərib. O, Qabilin azyaşlı uşaqlarının və oradakı digər şəxslərin gözü qarşısında zərərçəkmiş şəxsin ünvanına uca səslə təhqiramiz ifadələr işlədib, onu itələyib yerə yıxıb, baş nahiyəsindən yumruq zərbələri ilə bir neçə dəfə vurub.


Hadisədən sonra Elvar Əsədov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.


Xəzər Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmünə əsasən Elvar Əsədov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il 4 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunmuşdu.


Kamal Məmmədov 

Tarix: 14 Avqust 2025, 10:18   
Seçilən
31
25
pravda.az

10Mənbələr